Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
Aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlamışdır.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış etmiş, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.
Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunmuşdur.
Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanmışdır.
Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitələrə baxış keçirmişlər. Hərbi hissəyə su və elektrik xətləri çəkilmiş, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilmiş, istilik təchizatı üçün qazanxana tikilmişdir. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınmışdır.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmuşlar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi