Aprel ayının 14-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlamışdır.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunmuş, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulanmışdır.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirmişlər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmuşlar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi