12.03.2021, 18:22 - 2021-ci ilin 12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonu ərazisində yeni hərbi hissəsinin açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyevin ÇIXIŞI

Cənab generallar!

Cənab zabitlər, gizirlər, çavuşlar və əsgərlər!

 

Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabr tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş və 44 gün davam edən Vətən Müharibəsi Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmışdır.

Milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması, işğal altında olan tor­paqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün son 17 il ərzində hərbi, siyasi, iqtisadi sahələrdə, diplomatik müstəvidə, infor­masiya arenasında yorulmadan apardığı mübarizə, qətiyyətli mövqeyi, Müzəffər Silahlı Qüvvələrimizin şücaəti, qəhrəmanlığı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi 44 günlük Vətən Müharibəsində Böyük Qələbəni təmin etmişdir. 

Hörmətli tədbir iştirakçıları!

Müqəddəs torpaqlarımızın təcavüzkar Ermənistanın Silahlı Qüvvələrinin işğalından azad olunması uğurunda Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmiş, Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak etmiş, Azərbaycan sərhədçiləri igidlik nümunələri göstərmiş, rəşadət dastanı yazmışlar.

Dövlət Sərhəd Xidmətində uzun müddət öncədən sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş yanaşmalar, o cümlədən DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək səviyyədə silahlar, döyüş sursatı və hərbi ləvazimatla təchizatlandırılması, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsi, pilotsuz uçuş aparatlarının alınması və real döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması, zirehli döyüş texnikalarının modernləşdirilməsi, müasir hərb tari­xində AN-2 təyyarələrinin pilotsuz uçuş aparatı kimi tətbiqi və digər fəaliyyətlər böyük Zəfərin əldə olunmasında Azərbaycan sərhədçilərinin uğurlu iştirakına zəmin yaratmışdır.

Döyüş əməliyyatlarının ilk günündən başlayaraq  Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilərək  yüzlərlə canlı qüvvəsi məhv edilmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancılmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilmişlər.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin  aşkarlanaraq məhv edilməsinə nail olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

Bu gün tədbirimizin baş tutduğu elə bu ərazilərdə bölmələrimiz tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən yüzlərlə canlı qüvvəsinin məhv edilməsi, çoxsaylı silah-sursatının qənimət kimi götürülməsi,  noyabr ayının 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətimizə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilərimiz tərəfindən atıcı silahlarla məhv ediməsi və bu kimi digər hərbi uğurlar Vətən Müharibəsi tarixinin önəmli hadisələrindən olmuşdur.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən hərbi qulluqçularımızın döyüş məharəti yüksək qiymətləndirilmiş, sərhədçilərimiz orden və medallarla təltif edilmişlər.

Bu döyüş əməliyyatları zamanı şəhidlərimiz və yaralılarmız da olmuşdur. Vətən uğrunda savaşda həlak olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyimizi xahiş edirəm!

Hörmətli tədbir iştirakçıları!

Bu gün Vətəninə, Xalqına, Prezidentinə sadiq, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhəd­çi­si - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqları­mızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə qorumaqdan böyük şərəf və qürur duyur! 

Hal-hazırda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi sürətlə davam etdirilir.

İşğaldan azad olunmuş dövlət  sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə  sərhəd-döyüş məntəqələri fəaliyyətə başlamış, yeni hərbi hissələr yaradılmışdır. Qeyd olunan bölmələrin komplektləşdirilməsi və maddi-texniki təminatı üzrə təxirəsalınmaz işlər uğurla görülməkdədir.  

Göstərilən ardıcıl tədbirlər çərçivəsində bu gün Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı fəaliyyətə başlayır. Təkcə mart ayı ərzində açılışını etdiyimiz 3-cü qurum olan bu hərbi hissə xidməti-döyüş fəaliyyətini layiqincə yerinə yetirməyə tam hazırdır.

İşğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsi prosesinin uğurla davam etdirilməsi, dövlət sərhədinin etibarlı müdafiə və mühafizəsinin təmin edilməsi, bərpa olunmuş sərhədlərimizin keşiyində ayıq-sayıq dayanılması qarşıda duran əsas vəzifələrimizdir.

Əziz sərhədçilər!

Bir daha bu əlamətdar hadisə münasibətilə hər birinizi təbrik edir, fədakar və məsuliyyətli xidmətinizdə uğurlar arzulayıram!