+
-
12.12.2013
12.12.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Aparatında Dahi Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.

Tədbirdə qeyd olunmuşdur ki, xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti ilə, minnətdarlıq hissi ilə qeyd edir. Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətçiliyimizin gələcəyinə işıq saçır. Bu zirvə daim üz tutduğumuz, bəhrələndiyimiz müqəddəs bir məbəddir.

Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ulu Öndər iki siyasi sistemdə Azərbaycanın rəhbəri olmuş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə özünün bütün fəaliyyətini Azərbaycanın yüksəlişinə, xalqımızın mədəni-mənəvi inkişafına həsr etmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizə daxil olub.

Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi böyük qayğı və diqqət sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə ölkəmizin sərhədlərinin toxunulmazlığını təmin edə bilən çevik, mobil bir quruma çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Tədbirin sonunda “Ən böyük azərbaycanlı” sənədli filmi nümayiş olunmuşdur.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw