26.02.2021, 12:52 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönü­mü­nə həsr edilmiş tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə XX əsrin sonlarından başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törədilmiş soyqırım aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndirilmişdir. Qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1275 nəfərin isə əsir götürülməsi, 8 ailənin isə tamamilə məhv edilməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi olaraq vurğulanmışdır.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırım qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.

Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırım nəticəsində həlak olanların xatirə­sinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırıl­ması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə faciənin dəhşətli faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olması qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı və bu qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar qürur hissi ilə qeyd olunmuş, hal-hazırda işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirilməsi vurğulanmışdır.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalı - XX əsrin faciəsi” sənədli filmi nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

  • 80
  • 80
  • 80