Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirilir.
2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilmişdir.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilmişdir. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılmışdır.
Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilmiş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil verilmişlər.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti