Digər normativ-huquqi sənədlər / Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları

Dövlət    Sərhəd   Xidmətinin  rəisi

Sərhəd  Qoşunları   Komandanının

“15” oktyabr 2007-ci il tarixli əmri

ilə təsdiq edilmişdir

 

Dövlət  Sərhəd  Xidməti əməkdaşlarının etik davranış

 

QAYDALARI

 

Dövlət  Sərhəd  Xidməti (bundan sonra - DSX) əməkdaşlarının etik davranış Qaydaları (bundan sonra - Qaydalar) Dövlət  Sərhəd  Xidmətinin hərbi qulluqçularının və işçilərinin (bundan sonra – DSX-nin əməkdaşı) etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

 

FƏSİL I


ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Qaydaların əhatə dairəsi

 

1.1.              Bu qaydalar DSX-nin bütün əməkdaşlarına şamil edilir.

1.2.              DSX-nin hər bir əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur.

 

Maddə 2. Qaydaların məqsədi

 

2.0. Bu qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. DSX-nin və əməkdaşlarının nüfuzunun artırılması, vətəndaşların DSX-yə və əməkdaşlarına etimadın yüksəldilməsi;

2.0.2. DSX-nin və əməkdaşlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.0.3. DSX-də korrupsiyanın və əməkdaşların fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

2.0.4. DSX-nin əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi.

 

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

 

3.1.DSX-nin əməkdaşlarının xidməti davranışı qanunvericiliklə və hərbi nizamnamələrə uyğun olaraq ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. DSX-nin əməkdaşının xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərə əsaslanmalıdır.

3.2. DSX-nin əməkdaşının xidməti davranışı hərbi nizamnamələrə, bu Qaydalara və digər normativ-hüquqi aktlara uyğun olaraq tənzimlənir.

 

FƏSİL II


ETİK DAVRANIŞ QAYDALARI


  Maddə 4. Vicdanlı davranış

 

  4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əməkdaşlar öz vəzifə borcunu səmərəlı yerinə yetirməyə borcludur.

  4.2. DSX-nin əməkdaşları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

 

5.1.DSX-nin əməkdaşları öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

5.2. DSX-nin əməkdaşları etik davranışı və peşəkar fəaliyyəti ilə DSX-yə qarşı hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

 

Maddə 6. Loyallıq

 

6.1.DSX-nin əməkdaşları onun xidməti vəzifəsinə aid olmadığı hallarda, DSX-nin və rəhbər işçilərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda DSX-nin əməkdaşının elmi-pedoqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

6.2. DSX-nin əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

6.3. DSX-nin əməkdaşları qanunvericilikdə, hərbi nizamnamələrdə və normativ-hüquqi aktlarda xidməti vəzifələrin icrası ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

 

Maddə 7. İctimai etimad

 

7.1. DSX-nin əməkdaşları Azərbaycan Respublikasının, DSX-nin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

7.2. DSX-nin əməkdaşları etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cumlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

 

Maddə 8.  İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət.

 

8.1. DSX-nin əməkdaşlarının fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.

8.2. DSX-nin əməkdaşları insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, DSX-nin əməkdaşları xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

8.4. DSX-nin ənəkdaşları hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

 

Maddə 9. Mədəni davranış

 

DSX-nin əməkdaşları bütün şəxslərlə, o cumlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

 

Maddə 10. Əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsi

 

10.1. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

10.2. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisi tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmin olduqdan sonra hərbi nizamnamələrin tələblərinə uyğun olaraq hərəkət etməlidir.

10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur.

 

Maddə 11. Qərəzsizlik

 

11.1. DSX-nin əməkdaşları xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə munasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

11.2. DSX-nin əməkdaşları xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

11.3. DSX-nin əməkdaşları özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

 

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

 

12.1. DSX-nin əməkdaşlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

12.2. DSX-nin əməkdaşları onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən DSX-nin əməkdaşları həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

 

Maddə 13. Korrupsiyanın qarşısının alınması

 

13.1. DSX-nin əməkdaşlarına qanunsuz maddi və qeyri-maddi nemətlər və ya güzəştlər təklif olunduğu hallarda DSX-nin əməkdaşı onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-nin əməkdaşlarına ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-yə akt üzrə təhvil verilməlidir.

13.2. Tərəflərdən biri DSX olan əqdlərlə DSX-nin əməkdaşları digər tərəf ola bilməz.

 

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

 

14.1. DSX-nin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunmasına şamil edilmir.

14.2. DSX-nin əməkdaşları hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir.

 

Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması

 

15.1.  DSX-nin əməkdaşları xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

15.2. DSX-nin əməkdaşlarının xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq xidmətə qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

15.3. DSX-nin əməkdaşları maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

15.4. DSX-nin əməkdaşları vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ-hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya bilavasitə rəisinə müraciət etməlidir.

 

Maddə 16. Əmlakdan istifadə

 

16.1. DSX-nin əməkdaşları istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. DSX-nin əməkdaşlarının dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

 

Maddə 17. Məlumatlardan istifadə

 

17.1. DSX-nin əməkdaşları DSX-də müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

17.2 DSX-nin əməkdaşları xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

 

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

 

18.1. DSX-nin hərbi qulluqçularına ictimai və ya siyasi birliyə üzv olmaq qadağandır.

18.2. DSX işçisinin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun vəzifə borclarını qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

18.3. DSX-nin işçiləri qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

18.4. DSX-nin işçilərinə DSX-də ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

18.5. DSX-nin işçilərinə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

 

 

FƏSİL III


ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI


  Maddə 4. Təminatlar sistemi

 

19.1. DSX-nin əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

19.0.1. DSX-nin əməkdaşlarının davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya bilavasitə rəisi tərəfindən müntəzəm təhlil edilir;

19.0.2. Bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

 

  Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

 

20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:

20.0.1. Struktur qurumun rəhbəri – xidməti qaydada, yuxarı struktur qurum – tabeçilik əsasında;

20.0.2. Müvafiq struktur qurum (bundan sonra “Nəzarət orqanı”) – bu qaydalarla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

 

  Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət

 

21.1. DSX-də etik davranış qaydalarına əməl olunmasına nəzarəti onun müvafiq qurumlarının rəhbərləri (DSX-nin baş idarə, idarə və şöbələrinin rəisləri, hərbi hissələrin komandirləri və digər struktur qurumların rəhbərləri) həyata keçirir.

21.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirən rəhbər:

21.2.1. tabeliyində olan əməkdaşların xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

21.2.3. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;

21.2.3. tabeliyində olan əməkdaşlar arasında onların tutduqları vəzifələrə uyğun vəzifə bölgüsü aparmalıdır;

21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

21.2.5. rəhbərlik etdiyi struktur quruma kadrların seçilməsi və yerləşdirilməsi üzrə təkliflərin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

21.2.6. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

21.2.7. tabeliyində olan əməkdaşlara etik davranış qaydalarını izah etməli və müraciətlər olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair tövsiyyələr verməlidir;

21.2.8. etik davranış qaydalarını pozan əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

21.2.9. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə DSX-nin ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;

21.2.10. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

 

Maddə 22. Nəzarət orqanının səlahiyyətləri

 

22.1. Nəzarət orqanı DSX rəisinin əmri ilə müəyyən olunur.

22.2. Nəzarət orqanı bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu Qaydaların tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:

22.2.1. bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

22.2.2. DSX-nin əməkdaşlarından və digər şəxslərdən bu Qaydaların müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

22.2.3. daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyyələr və təqdimatlar verir;

22.2.4. DSX-nin əməkdaşlarının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

22.2.5. DSX-nin əməkdaşlarının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyyələr və məruzələr tərtib edir;

22.2.6. DSX-nin əməkdaşlarının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;

22.2.7. daxil olmuş materiallarda hüquqpozmalar əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

22.2.8. DSX-nin əməkdaşlarının etik davranış məsələləri ilə bağlı daxili normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər verir;

22.2.9. qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

 

23.1. Etik davranış qaydalarının pozulması DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

23.2. DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə və hərbi nizamnamələrdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

23.3.1. bu Qanunun müddəalarının DSX-nin əməkdaşları tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

23.3.2. kütləvi informasiya vasitələrində DSX-nin əməkdaşları tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi;

23.3.3. intizam icraatı zamanı DSX-nin əməkdaşı tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir.