Azərbaycan Respublikasının qanunları / "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli 772 nömrəli Qanunu

Sərhəd mühafizə orqanları haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları

Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra - sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin (bundan sonra — dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir.

Maddə 2. Sərhəd mühafizə orqanları haqqında qanunvericilik

Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).

Maddə 3. Sərhəd mühafizə orqanlarının fəaliyyətinin əsas prinsipləri

Sərhəd mühafizə orqanlarının fəaliyyəti qanunçuluq, aşkarlıq, insan hüquqları və azadlıqlarına riayət edilməsi, dövlət orqanları, ictimai birliklər, əmək kollektivləri və əhali ilə qarşılıqlı əlaqə, Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirilir.

Maddə 4. Sərhəd mühafizə orqanlarının vəzifələri

Sərhəd mühafizə orqanları:

1) Dövlət sərhədini qanunla müəyyənləşdirilmiş qaydada mühafizə edir;

2) Dövlət sərhədini qanunsuz olaraq dəyişdirmək üçün göstərilən hər cür cəhdlərin qarşısını alır;

3) Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf edir, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qoruyur, onların qarşısını alır;

4) şəxslərin və nəqliyyat vasitələrinin qanunsuz üsullarla Dövlət sərhədini keçməsinin qarşısını alır və buna yol vermir;

5) qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir;

6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir;

6-1) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;

7) öz səlahiyyəti həddində qanunla müəyyən edilmiş Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə əməl olunmasını təmin edir;

8) Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda cinayət işləri üzrə təhqiqat aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;

9) Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və ya olarkən hərbi və qeyri-hərbi gəmilərin müəyyən edilmiş rejimə əməl etməsi üzərində nəzarəti həyata keçirir;

10) xidmət rayonlarında Azərbaycan Respublikasının xüsusi vəkil edilmiş dövlət orqanlarına təbii ehtiyatların qorunması, ov qaydalarına əməl edilməsi üzərində nəzarət və təbii mühiti çirklənməkdən mühafizə işində lazımi kömək göstərir.

Yuxarıda göstərilənlərdən başqa sərhəd mühafizə orqanları:

1) hərbi hava və hərbi dəniz qüvvələri tərəfindən Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir;

2) Dövlət sərhədinin mühafizə olunmasında dövlət orqanları, müəssisələri, idarələri və təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir;

3) Azərbaycan Respublikasının təhlükəsizliyini təmin edən digər qüvvələr tərəfindən Dövlət sərhədinin mühafizəsi, dövlət sərhədində şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyət kəsb edən mühüm mənafelərinin xarici və daxili təhlükələrdən qorunması ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir.

Dövlət sərhədinə, sərhəd çaylarına, göllərinə, digər sututarlara, dəniz sahilinə və ya Dövlət sərhədinin buraxılış məntəqəsinə bitişik rayonlarda və şəhərlərdə fövqəladə vəziyyətin hüquqi rejimi tətbiq edildikdə sərhəd mühafizə orqanlarına müstəsna olaraq Dövlət sərhədinin mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada digər vəzifələr həvalə edilə bilər.

Azərbaycan Respublikasının müdafiəsi sahəsində sərhəd mühafizə orqanlarının silahlı döyüş vasitələrinin tətbiqi ilə əlaqədar vəzifələri onların xüsusi hazırlığına, silah və hərbi texnika ilə təminatına, təşkilat-ştat strukturuna uyğun olaraq Azərbaycan Respublikasının hərbi doktrinası əsasında Azərbaycan Respublikasının Ali baş komandanı tərəfindən müəyyən edilir.

Sərhəd mühafizə orqanlarının onların təyinatı ilə əlaqədar olmayan vəzifələrin yerinə yetirilməsinə cəlb edilməsinə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir və onlardan hər hansı başqa məqsədlə istifadə olunması qadağandır. Zəruri hallarda sərhəd mühafizə orqanları Azərbaycan Respublikası Ali baş komandanının əmri ilə Azərbaycan Respublikasının müdafiəsi işinə cəlb oluna bilər.

Maddə 5. Sərhəd mühafizə orqanlarının hüquqları

Dövlət sərhədinin mühafizəsini həyata keçirərkən sərhəd mühafizə orqanları aşağıdakı hüquqlara malikdir:

1) xidməti vəzifələri icra edərkən sərhədyanı rayonların ərazisində maneəsiz hərəkət etmək, həmin ərazidə sənədləri, nəqliyyat vasitələrini, onlarda daşınan yükləri və digər əmlakı yoxlamaq;

1-1) şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;

1-2) əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;

2) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək;

3) Dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərini yoxlamaq, həmin sənədlərdə müvafiq qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti saxlamaq;

Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədləri olmayan şəxsləri onlar dövlət sərhədindən keçmək hüququna dair sənədləri lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə olduqları dövrdə öz sənədlərini itirməsi halları araşdırılanadək və onların şəxsiyyəti müəyyən edilənədək Dövlət sərhədindən buraxmamaq;

4) bu Qanunla müəyyən edilmiş hallarda baxış keçirilərkən aşkar edilmiş hüquqpozma predmetlərini qanunla müəyyən edilmiş qaydada götürmək;

5) Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malı Dövlət sərhədindən keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusu hallarını və xarakterini nəzərə almaqla həll etmək;

6) zəruri allarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;

7) xaricə gedən nəqliyyat vasitələrinin Dövlət sərhədinin buraxılış məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini gömrük idarələri (postları), əlaqədar müəssisələr, idarələr və təşkilatlar ilə birlikdə müəyyən etmək;

8) Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və olarkən, habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol vermiş xarici gəmilərin heyət üzvlərinin və gəmilərdə olan digər şəxslərin sahilə çıxmasına və sahildə olmasına yol verməmək;

9) Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası müqavilələrinə müvafiq surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər, xüsusilə təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə, sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırmaq;

10) Azərbaycan Respublikası ərazisinə basqınların dəf edilməsi, Dövlət sərhədində müxtəlif fitnələrin qarşısının alınması, Dövlət sərhədini pozanların axtarılması və tutulması zamanı, habelə şəraitin tələb etdiyi digər zəruri hallarda mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların elektrik, rabitə və nəqliyyat vasitələrindən (xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus vasitələrdən başqa), o cümlədən ictimai birliklərə və vətəndaşlara məxsus nəqliyyat vasitələrindən istifadə etmək;

11) vətəndaşlardan və vəzifəli şəxslərdən ictimai qaydalara əməl olunmasını tələb etmək; onların vəzifələrinin icrasına mane olan hüquq pozuntularının və digər hərəkətlərin qarşısını almaq;

12) sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması, respublika ərazisində isə onların təqib olunması ilə əlaqədar tədbirlər görərkən mülkiyyət formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə və təşkilatların yerləşdiyi əraziyə və binalara qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;

13) sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması ilə əlaqədar tədbirlərin görülməsi məqsədi ilə küçələrdə və yaşayış məntəqəsindən kənardakı yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq;

14) xidməti vəzifələrin icrası üçün zəruri məlumatı mülkiyyət formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə və təşkilatlardan əvəzsiz almaq (bu cür məlumatın əldə olunmasının qanunla müəyyən edilmiş digər qaydaları mövcud olan hallardan başqa);

15) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində fərqlənmiş vətəndaşları mükafatlandırmaq;

16) Azərbaycan Respublikasının qanunlarına, dövlətlərarası müqavilələrinə, habelə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə Dövlət sərhədinin qorunması sahəsində başqa tədbirləri həyata keçirmək.

Maddə 6. Sərhəd mühafizə orqanlarının hüquq və vəzifələrinin həyata keçirilməsi

Sərhəd mühafizə orqanlarının hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 7. Sərhəd mühafizə orqanlarının fəaliyyəti və vətəndaşların hüquqları

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallardan və qaydalardan başqa, vətəndaşların hüquq və azadlıqlarının sərhəd mühafizə orqanları tərəfindən məhdudlaşdırılmasına yol verilmir.

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları hüquq və azadlıqlarının məhdudlaşdırılması barədə müvafiq icra hakimiyyəti orqanından məlumat tələb etmək hüququna malikdirlər.

Vətəndaşların hüquq və azadlıqları pozulduqda sərhəd mühafizə orqanlarının hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət edilə bilər.

Maddə 8. Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar inzibati xətalar barədə işlər üzrə icraat

Sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir.

Maddə 9. Sərhəd mühafizə orqanlarının beynəlxalq əməkdaşlığı

Sərhəd mühafizə orqanları dövlət sərhədinin mühafizəsi məsələləri üzrə xarici dövlətlərin sərhəd mühafizəsi və digər orqanları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Dövlət sərhəd rejiminin təmin edilməsi məsələlərinin həlli və sərhəd münaqişələrinin nizamlanması üçün Azərbaycan Respublikasının sərhəd nümayəndələri həmsərhəd dövlətlərin sərhəd nümayəndələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir.

Maddə 10. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sərhəd mühafizə orqanlarına kömək göstərilməsi

Dövlət orqanları və onların vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində:

1) sərhəd mühafizə orqanlarına onların qarşısında duran vəzifələrin yerinə yetirilməsində kömək göstərir və lazımi məlumatı əvəzsiz olaraq onlara təqdim edirlər;

2) sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına, dövlət qulluqçularına və digər mülki işçilərinə, onların ailə üzvlərinə, sərhəd mühafizə orqanlarının obyektlərinə münasibətdə hüquqa zidd hərəkətlərin yol verilməməsi üzrə tədbirlər görürlər;

3) sərhəd mühafizə orqanlarına kömək göstərilməsi işində vətəndaşların könüllü iştirakına yardım edir və şərait yaradırlar.

Maddə 11. Sərhəd mühafizə orqanlarının bayraqları, rəmzləri, emblemləri, tanınma və fərqlənmə nişanları

Sərhəd mühafizə orqanlarının hərbi hissələri, bölmələri, sərhəd dəstələri, tədris məktəbləri, sərhəd gəmiləri (katerləri) döyüş bayraqlarına və rəmzlərə; təyyarələri, vertolyotları, avtonəqliyyat vasitələri və döyüş texnikası tanınma nişanlarına; hərbi qulluqçuları isə fərqlənmə nişanlarına və emblemlərə malikdirlər.

Bu maddənin birinci hissəsində göstərilən bayraqlar, rəmzlər, nişanlar və emblemlər haqqında əsasnamələri müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

II fəsil. Sərhəd mühafizə orqanlarınının fəaliyyətinin təşkili və idarə olunması

Maddə 12. Sərhəd mühafizə orqanlarının strukturu və ümumi say tərkibi

Sərhəd mühafizə orqanlarının strukturu və ümumi say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Çıxarılıb.

Maddə 14. Çıxarılıb.

Maddə 15. Çıxarılıb.

Maddə 16. Çıxarılıb.

Maddə 17. Çıxarılıb.

Maddə 18. Çıxarılıb.

 

 

Maddə 19. Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr

Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz.

Maddə 20. Sərhəd zastavası

Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.

Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən başqa, sərhəd mühafizə orqanlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir.

Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd mühafizə orqanlarının ali vəzifəli şəxsidir.

Sərhəd zastavasına sıra nömrəsi verilir.

Maddə 21. Sərhəd nəzarəti bölməsi

Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi dövlət sərhədindən buraxılış məntəqəsində (məntəqələrində) dövlət sərhədindən keçmə qaydalarına və dövlət sərhədindən buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir.

Sərhəd nəzarəti bölməsi ona təhkim edilmiş Dövlət sərhədindən buraxılış məntəqəsində xüsusi nəzarəti həyata keçirən orqanlarla (orqanların nümayəndələri ilə) onların səlahiyyətinə qarışmadan qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Sərhəd nəzarəti bölməsinə həqiqi ad verilir.

Maddə 22. Sərhəd gəmisi (kateri)

Sərhəd mühafizə orqanlarının tərkibinə daxil olan sərhəd gəmisi (kateri) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir, müəyyən edilmiş bayraq, vımpel, bort fərqlənmə nişanı daşıyır, sərhəd mühafizə orqanlarında hərbi xidmətdə olan şəxsin komandanlığı altındadır və hərbi intizama tabe olan heyətə malikdir.

Sərhəd gəmisi ona məxsus olan uçan aparatlar və üzən vasitələr beynəlxalq hüquq normalarına müvafiq olaraq immunitetə malikdirlər.

Sərhəd gəmisinin (katerinin) komandiri, şəxsi heyəti xarici dövlətlər, hərbi və qeyri-hərbi gəmilər, habelə onların nümayəndələri ilə qarşılıqlı münasibətlərdə olarkən Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, beynəlxalq hüququn prinsip və normalarını əsas tuturlar.

Komandirlərin vəzifəyə görə birinciliyini, zabitlərin, miçmanların hüquqi və sosial vəziyyətini, maddi-texniki təminat normalarını müəyyən etmək üçün sərhəd xidmətinin gəmiləri (katerləri) taktiki-texniki elementlərindən və həll edəcəyi vəzifələrdən asılı olaraq sərhəd gəmiləri (katerləri) siniflərə və dərəcələrə bölünür. Siniflərə və dərəcələrə bölmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sərhəd gəmilərinin təsinifatı haqqında Əsasnamə ilə müəyyən edilir.

Maddə 23. Radiotexniki post

Radiotexniki post sərhəd mühafizə orqanlarının bölməsi olub ona təhkim edilmiş nəzarət zonasında radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.

Radiotexniki post öz nəzarət zonasında sərhəd mühafizə orqanlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir.

Radiotexniki posta sıra nömrəsi verilir.

Maddə 23-1. Sahil nəzarəti bölməsi

Müvafiq icra hakimiyyəti orqanının sahil mühafizəsinin sahil nəzarəti bölməsi sərhəd sularında sərhədboyu rejimə (üzmə vasitələrinin qeydiyyata alınması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxma və qayıtma qaydalarına) əməl olunmasına nəzarəti həyata keçirir.

Sahil nəzarəti bölməsinə sıra nömrəsi verilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən istiqamətlər üzrə sahil nəzarəti bölməsinin tərkibində texniki-müşahidə məntəqəsi yaradılır.

Maddə 24. Sərhəd hava gəmisi

Sərhəd hava gəmisi (sərhəd mühafizə orqanlarının aviasiya hissəsinin tərkibinə daxil olan təyyarə, vertolyot və digər uçan aparat) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir.

Sərhəd hava gəmisi Azərbaycan Respublikasının hava məkanından istifadə etmək üstünlüyünə, habelə Dövlət sərhədində vəziyyət gərginləşdikdə əvvəlcədən uçuş üçün sifariş vermədən birinci növbədə uçuş hüququna malikdir.

Maddə 25. Əməliyyat-axtarış orqanının bölməsi

Əməliyyat-axtarış orqanının bölməsi bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyət həddində ona təhkim edilmiş sahədə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.

Əməliyyat-axtarış orqanı bölməsinin rəhbəri ona verilmiş səlahiyyət həddində Dövlət sərhədinin mühafizəsi sahəsində bölməyə həvalə edilmiş vəzifələrin tam və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Maddə 26. Sərhəd mühafizə orqanlarının sahə müvəkkili

Sərhəd mühafizə orqanlarının sahə müvəkkili və onun köməkçisi sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları sırasından təyin edilir və yerli idarəetmə orqanlarına təqdim olunur.

Sərhəd mühafizə orqanlarının sahə müvəkkili vətəndaşların köməyi ilə sərhəd rejiminə əməl olunmasına nəzarət edilməsi, aidiyyətinə daxil olan inzibati xətalar haqqında işlər üzrə icraat aparılması, Dövlət sərhədinin mühafizəsi üzrə digər vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanları, ictimai təşkilatlar, müəssisə və idarələr ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsi üçün təyin edilir.

Sərhəd mühafizə orqanlarının sahə müvəkkilinə müəyyən ərazi sahəsi və bu sərhədə yerləşən yaşayın məntəqələri təhkim edilir.

Sərhəd mühafizə orqanlarının sahə müvəkkili öz vəzifələrini daxili işlər orqanları (orqanların əməkdaşları) ilə qarşılıqlı əlaqədə yerinə yetirir.

Sərhəd mühafizə orqanlarının sahə müvəkkili haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

III fəsil. Sərhəd mühafizə orqanlarında hərbi xidmət

Maddə 27. Sərhəd mühafizə orqanlarının şəxsi heyəti və komplektləşdirilməsi

Sərhəd mühafizə orqanlarının şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.

Sərhəd mühafizə orqanları hərbi xidmətə çağırış və hərbi xidmətə könüllü daxilolma, həmçinin işə, o cümlədən, dövlət qulluğuna qəbul edilmə əsasında komplektləşdirilir. Sərhəd mühafizə orqanlarının komplektləşdirilməsi bu maddənin üçüncü hissəsində qeyd olunmuş normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

Sərhəd mühafizə orqanlarında hərbi qulluqçuların hərbi xidmət keçməsi bu Qanun, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, dövlət qulluqçularının qulluğu «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, təhkim edilmiş müvafiq silah, texnika və vasitələrdən istifadə etməyi bacarmalıdırlar.

Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin digər icra hakimiyyəti orqanlarının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində də hazırlana bilər.

Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının başqa dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında təşkil edilir.

Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları onların vəzifələrinin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.

Maddə 28. Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçıların müəyyən edilməsi

Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçılar «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırış komissiyaları tərəfindən müəyyən edilir.

Sərhəd mühafizə orqanlarında xidmət etmək üçün seçilən çağırışçılar həmin orqanların hərbi qulluqçuları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq vəziyyətinə dair əlavə tələblərə cavab verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı çağırışçının bu tələblərə cavab vermədiyini müəyyən edərsə, həmin şəxs çağırış komissiyası tərəfindən yeni hərbi xidmətkeçmə yerinə göndərilir.

Maddə 29. Sərhəd mühafizə orqanlarının elmi-peşəkar ehtiyatı

Sərhəd mühafizə orqanlarını yüksək peşəkar səviyyəsində saxlamaq məqsədi ilə elmi və ixtisaslı mütəxəssislər və digər peşəkar hazırlığa malik hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular sırasından elmi-peşəkar ehtiyat yaradılır.

Elmi-peşəkar ehtiyata daxil edilmiş şəxslərdən sərhəd məsələləri üzrə ekspert, məsləhətçi, komissiya və nümayəndə heyətinin üzvü kimi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər vəzifələrin yerinə yetirilməsində istifadə edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı elmi-peşəkar ehtiyatın sayını və onun saxlanması üçün lazım olan pul vəsaitinin limitini müəyyən edir.

Maddə 30. Sərhəd mühafizə orqanlarının əməkdaşlarının mükafatlandırılması

Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə sərhəd mühafizə orqanlarının əməkdaşları «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş qaydada mükafatlandırıla bilərlər.

Bu maddənin birinci hissəsində göstərilənlərdən əlavə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları mükafatlandırılma qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis edilmiş döş nişanları ilə də təltif edilə bilərlər. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına bu maddəyə əsasən verilən döş nişanları haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 31. Sərhəd mühafizə orqanlarının təhlükəsizliyinin təmin edilməsi

Sərhəd mühafizə orqanları öz təhlükəsizliyini təşkilati, rejim, texniki və digər tədbirləri həyata keçirmək yolu ilə təmin edir. Sərhəd mühafizə orqanlarının əməliyyat-axtarış orqanları öz təhlükəsizliyini, habelə əməliyyat tədbirlərini həyata keçirmək yolu ilə təmin edir.

Sərhəd mühafizə orqanlarında hərbi xidmətə daxil olan və fəaliyyətinin xüsusiyyətinə görə dövlət sirri təşkil edən məlumatla işləmək üçün buraxılmalı olan şəxslər bu məlumatı yaymamaq barədə öhdəlik qəbul etməlidirlər. Öhdəliyin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Sərhəd mühafizə orqanları öz fəaliyyəti barədə ictimaiyyətə məlumat vermək üçün bu məqsədlə onun strukturunda yaradılmış müvafiq xidmət orqanları vasitəsi ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər qaydada ictimai təşkilatlarla, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə yaradır.

Sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məxfilikdən çıxarılan tarixi və elmi əhəmiyyətli materialları Azərbaycan Respublikasının dövlət arxivinə verilir.

Maddə 32. Silah və döyüş texnikasının tətbiqi

Azərbaycan Respublikasının dövlət sərhədini bilavasitə qoruyarkən sərhəd qoşunlarının hərbi qulluqçuları silah və döyüş texnikası tətbiq edirlər.

Silah və döyüş texnikasının tətbiq edilməsi «Dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

IV fəsil. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti

Maddə 33. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti

Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 34. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin hüquqi vəziyyəti

Dövlət sərhədinin bilavasitə mühafizəsi ilə əlaqədar vəzifələri yerinə yetirərkən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları hakimiyyət nümayəndələri hesab edilirlər.Onların qanuni tələblərinin icrası vətəndaşlar və vəzifəli şəxslər üçün məcburidir. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa heç kim onların fəaliyyətinə qarışa bilməz. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları müstəqil olaraq öz səlahiyyətləri daxilində qərarlar qəbul edir və qanunla onlara verilmiş hüquqları həyata keçirirlər.

Dövlət sərhədində bilavasitə xidmət keçən sərhəd mühafizə orqanları hərbi qulluqçularının və onları ailə üzvlərinin şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrində onların xidmət və yaşayış yerləri barəsində məlumat dərc olunması qadağan edilir.

Sərhəd mühafizə orqanlarının dövlət qulluqçuları və digər mülki işçiləri həmkarlar ittifaqlarını yaratmaq hüququna malikdirlər.

Sərhəd mühafizə orqanlarında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti, habelə tətillər təşkil edilməsi və keçirilməsi qadağandır.

Maddə 35. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının telefonla təmin edilməsi

Sərhəd mühafizə orqanlarının zabitləri, gizirləri (miçmanları) mənzillərinə növbədənkənar telefon çəkilməsi hüququna malikdirlər.

Maddə 36. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi

Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla bu Qanunla nəzərdə tutulan güzəştlərdən başqa digər güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

Sərhəd mühafizə orqanlarının müxtəlif əsaslara görə bu və digər güzəşt və kompensasiya hüququna malik olan hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri öz arzularına görə yalnız əsaslardan biri üzrə güzəşt və kompensasiya hüququndan istifadə edə bilər.

V fəsil. Sərhəd mühafizə orqanlarınının maliyyələşdirilməsi və maddi-texniki təminatı

Maddə 37. Sərhəd mühafizə orqanlarının maliyyələşdirilməsi

Sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrıca maddə ilə müvafiq icra hakimiyyəti orqanına ayrılmış vəsait hesabına maliyyələşdirilir. Sərhəd mühafizə orqanları üçün yaşayış evlərinin, sosial-mədəni və xüsusi obyektlərin tikintisi üçün vəsait ayrıca nəzərdə tutulur.

Maddə 38. Sərhəd mühafizə orqanlarının əmlakı

Sərhəd mühafizə orqanlarının binaları, qurğuları və digər tikililəri, sərhəd gəmiləri (katerləri), sərhəd hava gəmiləri, habelə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün istifadə etdikləri digər əmlaklar Azərbaycan Respublikasının dövlət mülkiyyətidir və sərhəd mühafizə orqanlarının istifadəsində olan əmlakdır. Sərhəd mühafizə orqanlarının istifadəsində olan hərbi əmlak özəlləşdirilə bilməz.

Sərhəd mühafizə orqanlarının yerləşdirilməsi və fəaliyyəti üçün torpaq sahələri, dəniz limanlarının akvatoriyası onların istifadəsinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq verilir. Sərhəd mühafizə orqanlarının torpaqdan və sudan istifadə etməsinə görə vergi müəyyən edilmir.

Sərhəd mühafizə orqanları torpaqdan, hava məkanından, su sahələrindən istifadəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirir.

Maddə 39. Sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətləri

Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.

Sərhəd komendantlıqlarına, sərhəd zastavalarına, sərhəd nəzarəti bölmələrinə, Dövlət sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz.

Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür.

Sərhəd komendantlıqlarında, sərhəd zastavalarında, sərhəd nəzarəti bölmələrində, sərhəd gəmilərində, sərhəd hava gəmilərinin şəxsi heyətində, Dövlət sərhədini mühafizə edən digər orqanlarda hərbi xidmət keçən və xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara mənzil sahəsi, məişət mebeli (müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya əsasən), müvafiq icra hakimiyyəti orqanının xərclər smetası hesabına verilir və kommunal xidmət göstərilir.

Maddə 40. Sərhəd mühafizə orqanlarının maddi-texniki təminatı

Sərhəd mühafizə orqanlarının silah, döyüş texnikası və maddi-texniki təminatı, infrastrukturun yaradılması Azərbaycan Respublikasının maddi ehtiyatları hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Sərhəd mühafizə orqanlarının maddi-texniki təminatı normalarını və qaydasını müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Sərhəd mühafizə orqanlarının silah və texnikasının təmiri müvafiq icra hakimiyyəti orqanının təmir müəssisələrində həyata keçirilir. Müvafiq silah və texnikanın təmiri müvafiq icra hakimiyyəti orqanının sifarişi əsasında digər təmir müəssisələrində, o cümlədən, xarici dövlətlərin təmir müəssisələrində də həyata keçirilə bilər.

Məhsulun keyfiyyətinə nəzarət etmək və onu qəbul etmək üçün, o cümlədən Azərbaycan Respublikasının müəssisə və təşkilatlarında sərhəd mühafizə orqanlarının silah və texnikasının təmirinin keyfiyyətinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanından nümayəndələr dəvət olunur.

Sərhəd mühafizə orqanlarının hərbi hissələrini və bölmələrini yerləşdirmək üçün obyektlərin tikintisi və ya verilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün müəyyən edilmiş qaydada və normalar üzrə, sərhəd mühafizə orqanlarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət büdcəsi, Azərbaycan Respublikasının əlaqədar nazirlikləri və idarələrinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 yanvar 1994-cü il

№ 772