Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında



Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. 2006-cı il iyulun 1-dən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 100% artırılsın.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 4 » iyul 2006-cı il
N 1552