AR Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Xarici ölkələrin müvafiq qurumları ilə inteqrə edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qruplarının əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Eyni zamanda DSX Yaxın Şərq və Asiya ölkələrinin (BƏƏ, Çin, Qətər, İordaniya, Pakistan və s.) sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsi və əməkdaşlıq aparır.

AR DSX regional əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran, eləcə də GUAM üzv dövlətlərinin sərhəd xidmətləri ilə məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Bununla yanaşı, AR DSX - BMqT, BMTİP, BMTQAK, NATO, Avropa İttifaqı, Frontex, Sərhəd məsələləri üzrə beynəlxalq konfrans, GUAM, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Aİ-nin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində İnetqrə edilmiş Sərhəd İdarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlıq aparılır. Belə ki, 2006-2008-ci illərdə Avropa Komissiyası və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə «Azərbaycanın cənub sərhədlərində inteqrə edilmiş sərhəd idarəçiliyi modelinin yaradılması» üzrə həyata keçirilmiş pilot layihə çərçivəsində telekommunikasiya və rabitə vasitələri, radiasiya monitorinqi, müşahidə-nəzarət qurğuları, kompüterlər, gecə-görmə cihazları, pasport nəzarəti texnikası, nəqliyyat vasitələri və digər avadanlıqlar əldə olunmuşdur. Bununla yanaşı hazırda 2010-2012-ci illəri əhatə edən Avropa İttifaqının dəstəyi ilə «Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi sistemlərinin yaradılmasına dəstək» üzrə layihə həyata keçirilir. Layihənin əsas məqsədi Aİ prinsipləri əsasında sərhəd idarəedilməsi sahəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi və aidiyyəti milli təsisatların imkanlarının artırılmasıdır.

Bununla yanaşı, Avropa Komissiyasının dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramının İSİ üzrə Öncül Təşəbbüsünün Təlimlər Layihəsinin icrası nəzərdə tutulur. İcra olunacaq layihə çərçivəsində seminar və görüşlərdə iştirak edilmiş, keçiriləcək treninqlər üzrə tələbatlar müəyyənləşdirilmişdir.

DSX-nin beynəlxalq əlaqələrində Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans (Şiofok Konfransı) çərçivəsində əməkdaşlıq xüsusi yer tutur. 2001-ci ildən Konfransa qoşulmuş DSX qısa müddət ərzində fəal üzvə çevrilmişdir. Hal-hazırda AR DSX «Sərhəd xidmətləri rəhbərlərinin», «Kadrların təlimi, təkmilləşdirilməsi və istifadəsi», «Narkotiklərlə mübarizə sahəsində sərhəd xidmətləri arasında əməkdaşlıq» işçi qruplarının üzvü, 2004-2007-ci illərdə «Silah, sursat və radioaktiv maddələrin qeyri qanuni dövriyyəsinin qarşısının alınması üzrə» işçi qrupuna, 2007-ci ildən isə «Sahil Mühafizəsi» İQ-ya rəhbərlik edir. «Sərhəd Xidmətləri Rəhbərlərinin» İQ-nın 2003, 2006, 2007 və 2008-ci illərdəki iclasları, eləcə də «Silah, sursat və radioaktiv maddələrin qeyri qanuni dövriyyəsinin qarşısının alınması üzrə» və «Sahil Mühafizəsi» İQ-ların bütün iclasları Bakıda keçirilmişdir.

1994-cü ilin may ayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulma nəticəsində Azərbaycanda müasir sərhəd infrastrukturunun formalaşdırılması baxımından qabaqcıl təcrübənin öyrənilməsi və inkişaf etmiş ölkələrin (ilk növbədə NATO-üzv dövlətlərin) müvafiq qurumları ilə sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikasının Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Bakı şəhərində və eləcə də NATO üzv-tərəfdaş dövlətlərin ərazilərində keçirilən təlim kurslarında, treninqlərdə DSX nümayəndələrinin iştirakı ilə başlanan DSX-NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə sistemli şəkildə inkişaf etdirilmişdir. Belə ki, DSX-nın təklifi ilə pesrpektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə NATO-nun bir qrup aparıcı mütəxəssisi Azərbaycan Respublikasına dəvət olunmuş və onlara əməkdaşlıq proqramı üzrə işçi sənədlərin hazırlanması təklif edilmişdir.Ekspertlərin məruzəsində sərhəd təhlükəsizliyi üzrə Azərbaycana yardım göstərilməsinin vacibliyi qeyd olunmuş, ilk dəfə olaraq NATO rəhbərliyinin diqqəti sərhəd təhlükəsizliyi məsələlərinə yönəldilmişdir.

Belə ki, 2003-cü ilin mart ayının 4-də DSX tərəfindən NATO Baş Qərargahında tarixdə ilk dəfə sərhəd təhlükəsizliyi mövzusunda 19+1 formatında, 02.02.2006-cı il tarixində isə 26+1 formatında təqdimatlar keçirilmişdir.

Tədbirlərin yekununda mövcud vəziyyətin öyrənilməsi və bu sahədə mümkün yardım imkanlarının araşdırılması məqsədilə sərhəd təhlükəsizliyi sahəsində NATO qiymətləndirmə missiyasının AR-ə göndərilməsi ilə bağlı qərar qəbul edilmişdir.

2004-cü ildə DSX 5 tərəfdaşlıq məqsədi üzərinə götürərək Əməkdaşlığın planlaşdırma və analiz prosesinə qoşulmuş, növbəti ildə isə öhdəliklərinin sayını 6-ya çatdırmışdır. Hazırda aşağıdakı tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə Dövlət Sərhəd Xidməti bütün səylərini səfərbər etmişdir:

- ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi;

- tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması;

- rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi;

- sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması;

- hərbi qurumdan HMO-ya keçməklə bağlı islahatların aparılması;

- dəniz təhlükəsizliyi.

Sərhəd təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi baxımından 2005-ci il iyun ayının 23-24-də Bakı şəhərində NATO Baş Katibinin müavini cənab C.Kolstonun sədrliyi ilə «İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının inkişafı» mövzusunda DSX-nın ev sahibliyi ilə keçirilən NATO/AATŞ seminarının əhəmiyyətini vurğulamaq olar.

AR DSX Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın çərçivəsində Dövlətlərarası İnformasiya Təhlil Sisteminin yaradlması və Virtual Mərkəz, o cümlədən Ticarət və Nəqletməyə Yardım layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bununla yanaşı GUAM dövlətlərinin sərhəd qurumlarınn rəhbərləri arasında hər il GUAM Sammiti çərçivəsində işçi görüşlər keçirilir və növbəti il üçün tədbirlər Planı imzalanır.

Azərbaycanın GUAM-a sədrliyə başladığı dövrdə DSX tərəfindən «Demokratiya və iqtisadi inkişaf naminə təşkilat – GUAM-ın nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsində sərhəd nəzarətinin yüksək standartlara uyğun təşkili» adlı layihə hazırlanmışdır. GUAM-ın strateji tərəfdaşları sayılan ABŞ və Yaponiya ilə əlaqələri daha da inkişaf etdirilməkdədir.

2007-ci ildən mütəmadi olaraq DSX nümayəndələri ATƏT-in Sərhəd Təhlükəsizliyi və İdarəçiliyi üzrə Milli Əlaqələndiricilər Şəbəkəsinin fəaliyyətində, o cümlədən Şəbəkənin illik iclaslarında (2007, 2009, 2010 və 2011-ci illərdə) iştirak edirlər.



1 2