Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda
(29 Aprel 2010-cü il)

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə raport vermişdir.

Prezident İlham Əliyev qarnizonun ümumi sxemi ilə tanış olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi bildirmişdir ki, ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan büdcəsinin vəsaiti hesabına yaradılan Göytəpə qarnizonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə əsaslı tikinti, təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Dövlətimizin başçısının 2005-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı»nın tərkib hissəsi kimi bu qarnizonda geniş yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işlərindən sonra qarnizonda sərhədçilərin xidmət şəraiti xeyli yaxşılaşdırılmışdır. Zabit və gizirlər üçün işıqlı, yaraşıqlı və müvafiq texniki avadanlıqlarla təchiz olunmuş xidmət otaqları, əsgərlər üçün müasir standartlara cavab verən xidmət və məişət şəraiti yaradılmışdır. Yaradılmış yüksək şərait dövlət sərhədlərimizin daha etibarlı şəkildə mühafizə olunmasına öz müsbət təsirini göstərəcəkdir.

Respublikanın İmişli, Biləsuvar, Yardımlı, Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur.

Ali Baş Komandan qarnizonun istifadəsində olan hərbi texnikaya baxmışdır.

Bildirilmişdir ki, qarnizonun müasir hərbi texnika ilə tam təchiz olunması sərhəd mühafizəsinin yüksək şəkildə həyata keçirilməsinə imkan verir. Prezident İlham Əliyev kazarmada sərhədçilərin ixtiyarında olan texniki vasitələrə, silah-sursata baxmışdır. Məlumat verilmişdir ki, bu texniki vasitələr sərhəd pozucularının dərhal aşkar edilib zərərsizləşdirilməsində sərhədçilərə yaxından kömək edir.

Dövlətimizin başçısı qarnizonda şərti sərhəd pozucusunun zərərsizləşdirilməsi prosesini izləmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sərhəd qarnizonunun şəxsi heyətinə xidmətdə uğurlar arzulamışdır.