Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sahil Mühafizəsinin yeni bazasına səfəri
(08 Noyabr 2008-cü il)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazasının açılış mərasimində iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport vermişdir.

Sərhədçilərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən Dövlət Sərhəd Xidmətinin rəisi bildirmişdir ki, Sahil Mühafizəsinin yeni bazası Prezidentin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı» çərçivəsində yaradılmışdır. Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi vəzifəsini həyata keçirən Sahil Mühafizəsinin yeni bazasının inşasına 2007-ci il iyunun 29-da başlanılmışdır. Qısa müddətdə inşa edilmiş bazaya komanda-idarəetmə mərkəzi, təlim-tədris mərkəzi, Heydər Əliyev muzeyi, klub, yeməkxana, vertolyot meydançaları, gəmi təmiri emalatxanası, dənizdə təlim poliqonu, yanalma körpüləri, yaşayış kompleksi daxildir.

Yeni baza Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində nəzarətin gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinin təmin olunmasında mühüm rol oynayacaqdır.

Əvvəlcə qərargahla tanış olan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, hazırda Dövlət Sərhəd Xidmətinin sifarişi ilə 200-dən çox müxtəlif təyinatlı obyektin, o cümlədən akademiyanın, «Sərhədçi» olimpiya-idman kompleksinin, zabit, gizir və miçman heyəti üçün yaşayış binalarının, xidməti heyvanlar üçün mərkəzin, hərbi hospitalın tikintisi və təmiri davam edir. Təkcə 2008-ci ildə 500-dək sərhədçi mənzillə təmin olunacaqdır.

Cənab Prezident Dövlət Sərhəd Xidmətində aparılan tikinti-quruculuq işlərini əks etdirən fotoşəkillərə baxmışdır. Komanda-idarəetmə mərkəzinə gələn Ali Baş Komandana məlumat verilmişdir ki, Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə müşahidə edilir. Kameralar vasitəsilə isə 18-20 km məsafədə hərəkət edən bütün hədəfləri görmək mümkündür. Əraziyə daxil olan gəmilər sorğuya cavab vermədiyi təqdirdə, Sərhəd Xidmətinin gəmiləri vasitəsilə onun mənsubiyyəti araşdırılır.

Monitorlarda dənizdə real vəziyyəti əks etdirən xəritə-sxemlər nümayiş etdirilmişdir. Müstəqil respublikamızda DSX Sahil Mühafizəsinin yaranmasını əks etdirən çoxsaylı eksponatların nümayiş olunduğu muzeylə tanışlıq da yaxşı təəssürat doğurmuşdur.

Cənab Prezident bazanın tədris mərkəzində kütləvi qırğın silahlarından müdafiə qurğuları, rabitə, xarici dil, xüsusi sərhəd hazırlığı və baxış qrupunun hazırlığı siniflərində müasir avadanlıq, ləvazimat və silahlarla tanış olmuşdur. Dövlətimizin başçısı 530 nəfər tamaşaçı yeri olan və müasir avadanlıqla təchiz edilmiş klubda yaradılmış Heydər Əliyev muzeyində Ulu Öndərin dövlətçilik fəaliyyətini və onun Azərbaycan sərhədlərinin mühafizəsinə göstərdiyi böyük diqqət və qayğını, sərhədçilərlə keçirdiyi görüşləri əks etdirən zəngin eksponatlarla tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan Respublikasının Prezidenti bazanın ərazisində yüksək keçid imkanlarına malik, müasir cihazlarla, o cümlədən radiolokasiya stansiyaları quraşdırılmış avtomobillərlə, minaları zərərsizləşdirən qurğularla və sualtı üzmə vasitələri ilə tanış olmuşdur.

Ali Baş Komandan daha sonra Sahil Mühafizəsinin yaşayış kompleksinə gəlmişdir. Kiçik şəhərciyi xatırladan kompleksdəki 10 yaşayış binasının hər birində mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 18 mənzil var. Burada uşaq bağçası, kafe, mağaza, idman qurğuları və məişət evi də inşa olunmuşdur. Sərhədçilərin uşaqlarının istirahəti və əyləncəsi üçün də burada hər cür şərait yaradılmışdır.

Ali Baş Komandan Sahil Mühafizəsinin vertolyot meydançalarına, şəxsi heyətin xüsusi dəniz hazırlığı üzrə poliqonuna, yanalma körpülərinə və hidrotexniki qurğulara, gəmilərə, katerlərə və qayıqlara da baxmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ən yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.