Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Goradil qəsəbəsindəki «Sərhədçi» istirahət mərkəzinə səfəri
(17 Avqust 2007-cü il)

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev avqustun 17-də Abşeron rayonunun Goradil qəsəbəsində Dövlət Sərhəd Xidmətinin «Sərhədçi» istirahət mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə raport vermişdir.

Prezident İlham Əliyev istirahət mərkəzinin baş planına, ərazinin əvvəlki və indiki görünüşünü əks etdirən fotoşəkillərə baxmışdır. General-leytenant Elçin Quliyev dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına Azərbaycan sərhədçilərinin minnətdarlığını çatdıraraq qeyd etmişdir ki, bu mərkəzin istifadəyə verilməsi sərhədçilərə diqqət və qayğının növbəti əyani təzahürüdür.

Ali Baş Komandana görülən işlər barədə məlumat verən general-leytenant Elçin Quliyev bildirmişdir ki, Sərhəd Qoşunlarının yaradılmasının 88-ci ildönümü ərəfəsində açılan bu mərkəz qısa müddətdə inşa edilmişdir. Təməli bu ilin may ayında qoyulan istirahət mərkəzi kompleksinin tikintisini yerli «Qlobal Konstrakşn» Məhdud Məsuliyyətli cəmiyyətin inşaatçıları avqustun 15-də başa çatdırmışlar.

Azərbaycan Prezidentinin 2005-ci il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006 – 2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı» çərçivəsində inşa olunmuş bu mərkəz 14 hissədən ibarətdir. Onun 33 otağı və yeməkxanası olmaqla beşmərtəbəli binası və kotteclər müasir tələblərə cavab verir. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün musiqili teatr zalı, boulinq zalı, örtülü və açıq hovuzlar, uşaqlar və böyüklər üçün əyləncə mərkəzləri, iri qayıqların yanalma körpüsü, müxtəlif idman, o cümlədən futbol və voleybol meydançaları, çimərlik və sahilyanı kafe fəaliyyət göstərir. Ümumilikdə mərkəzdə 250 nəfərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev beşmərtəbəli istirahət korpusu, lüks səviyyəli 11 kottec, müasir idman və boulinq zalları, açıq və örtülü üzgüçülük hovuzları, musiqili teatr, iri katerlərin yanalma körpüsü, uşaq əyləncə mərkəzi, futbol və voleybol meydançaları, çimərlik sahəsi, sahilyanı istirahət obyektləri, skuter və kvadrosikl nəqliyyat vasitələri ilə tanış olmuşdur.

Mərkəzlə tanışlıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xidmətdə fərqlənmiş 25 zabitə yeni mənzillərin orderlərini təqdim etmişdir.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev demişdir:

- Möhtərəm Cənab Prezident! Cənab Ali Baş Komandan!

İcazənizlə, ürək sözlərimizi Sizə çatdırmaq istərdik. Bu gün hər bir Azərbaycan sərhədçisinin ürəyi fərəh və qürur hissi ilə vurur. Siz bu gəlişinizlə, bu şəraiti yaratmağınızla bizləri şərəfləndirdiniz.

Son illər ərzində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti özünün xidməti fəaliyyətində çox önəmli nəticələr əldə etmişdir. Biz bu önəmli nəticələri yalnız ona görə əldə edə bilirik ki, Cənab Prezident, Ali Baş Komandan, bizə bu şəraiti Siz yaratmısınız. Bu diqqətinizə, qayğınıza arxalanaraq xidmətimizin daha yüksək səviyyədə qurulmasına çalışırıq.

Cənab Ali Baş Komandan, bu gün sevincimizi bölüşdüyünüzə görə minnətdarlığımızı bildirir və Sizdən xahiş edirik ki, ürək sözlərinizi deyəsiniz.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxış etmişdir:

- Əziz zabitlər!

Mən ilk növbədə, sizi qarşıdan gələn Sərhəd Qoşunlarının peşə bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər birinizə can sağlığı, uğurlar arzulayıram.

Bu gün eyni zamanda sərhədçilərin gözəl istirahət mərkəzinin açılışı günüdür. Bu mərkəz də sərhədçilərə xidmət edəcəkdir. Burada çox gözəl şərait var. Mənə verilən məlumata görə, qısa müddət ərzində, təxminən 3-4 ay ərzində bu gözəl mərkəz inşa edilibdir. Dincəlmək, istirahət etmək üçün bütün şərait var. Bu, onu göstərir ki, Azərbaycan indi sözün əsl mənasında inkişaf dövrünü yaşayır. Bütün quruculuq, abadlıq işləri, ölkəmizə böyük həcmdə qoyulan investisiyalar, artan iqtisadi imkanlarımız, əlbəttə ki, hər sahədə öz əksini tapır. O cümlədən sərhəd xidmətinin möhkəmlənməsində, onun maddi-texniki bazasının yaradılmasında, müasir sərhəd infrastrukturunun yaranmasında çox böyük işlər görülübdür.

Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycanın inkişaf dövrü bütün sahələrdə görünməkdədir. Heydər Əliyevin qərarı ilə Sərhəd Xidməti ayrıca müstəqil xidmət kimi formalaşdı və o gündən bu günə qədər çox böyük və şərəfli yol keçdi. İndi yeni sərhəd zastavaları tikilir, müasir infrastruktur yaradılır, sərhədçilərin peşəkarlığı artır, onların hazırlanması üçün böyük tədbirlər görülür.

Bildiyiniz kimi, bu yaxınlarda sərhədçilərin akademiyasının yaradılması üçün müvafiq sərəncamlar verilmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadi imkanlarından istifadə edib öz sərhədlərini daha da möhkəmləndirir.

Biz 1991-ci ildə müstəqilliyə qovuşanda faktiki olaraq, bizdə sərhəd infrastrukturu yox dərəcəsində idi. Qonşu ölkələrlə sərhədlərimiz, ümumiyyətlə, yox idi. Çünki biz vahid ölkədə yaşayırdıq. Mövcud olan sərhəd isə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, Azərbaycana qarşı təxribat törədən qruplar, dəstələr, Ermənistanın terrorçu təşkilatları bundan istifadə etmişlər. Məhz o illərdə Azərbaycana qarşı terror aktları həyata keçirilmişdir. 30-dan yuxarı terror aktının nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuşdur, minlərlə insan xəsarət almışdır. Nəyə görə? Çünki biz o vaxt öz sərhədlərimizi kifayət qədər müdafiə edə bilmirdik. Amma indi Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Azərbaycan sərhədlərində infrastruktur yaradılır, müasir texnika alınır, Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmlənir və əminliklə deyə bilərik ki, Azərbaycana qarşı təxribat planlarını hazırlayan qüvvələr artıq bilirlər ki, bu planların baş tutması mümkün deyil.

Azərbaycanda daxildə sabitlik var, ictimai-siyasi asayiş hökm sürür. Xalqla iqtidar arasında birlik var. Bizim bütün gördüyümüz işlər xalqın rifah halının yaxşılaşmasına yönəldilibdir. Yəni onu demək istəyirəm ki, ölkə daxilində təhlükəsizliklə bağlı bizim heç bir problemimiz yoxdur. İnsanlar rahat yaşayırlar, gecələr küçələrdə rahat dincəlirlər, gəzirlər. Təhlükəsizlik tam təmin olunubdur. Əsas məsələ kənardan Azərbaycana təxribat məqsədilə gəlmək istəyən qüvvələrin qarşısını almaqdır. Onların da planları bizə bəllidir. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, işğal siyasəti, etnik təmizləmə siyasəti, eyni zamanda, bayaq qeyd etdiyim kimi, terror aktları ilə də müşahidə olunurdu. Biz bunun qarşısını aldıq və bundan sonra da qarşısını alacağıq.

Sərhəd hər bir dövlətin rəmzidir, hər bir müstəqil dövlətin mühüm əlamətlərindən biridir və biz öz sərhədlərimizi qoruyuruq. Sərhədçilərin məişət problemlərinin həlli də çox vacibdir və bu gün 25 zabitə yeni mənzillərin orderləri verilibdir. Ona görə verilir ki, sizin yaşayış səviyyəniz yaxşılaşsın. Mütəmadi qaydada maaşlar qaldırılır, bundan sonra da qaldırılacaqdır. İndi gözəl istirahət mərkəzləri tikilir. Bir müddət bundan əvvəl Elçin Quliyev mənə məlumat vermişdi ki, böyük idman kompleksi, sərhədçilərin idman kompleksi tikilir. Yəni bütün bunlar ona görə edilir ki, sizin həyat şəraitiniz, məişət şəraitiniz daha da yaxşılaşsın. Sərhədçilər ağır şəraitdə, çətin şəraitdə, dağlarda, şaxtada dövlətimizin hüdudlarını qoruyurlar. Ona görə onların bütün təchizatı yüksək səviyyəli olmalıdır. Bu gün bu gözəl istirahət mərkəzinin timsalında biz bunu görürük. O, qısa müddət ərzində tikilibdir. Eyni zamanda, çox böyük keyfiyyətlə tikilib. İstirahət etmək, dincəlmək, yaşamaq üçün burada ən gözəl avadanlıq vardır.

Mən bu gün çox şadam ki, bu gözəl tədbirdə sizinlə bərabərəm. Bildiyiniz kimi, mən sərhədçilərlə mütəmadi qaydada görüşürəm. Hərbi hissələrdə oluram, sərhədlərdə oluram, şəraitlə tanış oluram və deyə bilərəm ki, Azərbaycanın Sərhəd Xidməti öz vəzifə borcunu şərəflə yerinə yetirir. Bu işdə, Vətən uğrunda fəaliyyətinizdə, sərhədlərimizin qorunmasında sizə yeni-yeni uğurlar arzulayıram.

Bir daha bayramınız mübarək olsun!

Sağ olun.