Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakıda keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın iştirakçılarını qəbul etmişdir
(26 Sentyabr 2007-cü il)

Görüşdə Cənab Prezident qonaqlara müraciətlə demişdir:«Sizi Azərbaycanda salamlayıram və görməyimə görə çox məmnunam. Ölkəmizdə təhlükəsizlik mövzusunda keçirilən beynəlxalq konfrans bu cür ilk tədbir deyil. Biz öz qonaqlarımız və dostlarımızla görüşməyə hər zaman şadıq. Siz sərhədlərin təhlükəsizliyinə dair olduqca vacib məsələləri müzakirə etmək imkanı əldə etmişsiniz. Bu cür problemlər bizim hamımıza yaxşı məlumdur. Sərhədlərin təhlükəsizliyi ölkənin təhlükəsizliyi deməkdir. Xüsusən də indiki vaxtda, regionda bir çox təhdidlərin, o cümlədən terrorçuluq təhlükəsinin olduğu zaman sərhəd xidmətləri arasında səylərin əlaqələndirilməsi, məsləhətləşmələrin aparılması, eləcə də təhdidlərə çevik reaksiyanın verilməsi olduqca böyük əhəmiyyət daşıyır».

Prezident İlham Əliyev vurğulamışdır ki, əvvəllər Azərbaycan başqa bir dövlətin tərkibində idi. Müstəqillik əldə olunduqdan sonra sərhədlərimizin möhkəmləndirilməsi zərurəti yarandı. Biz hər şeyə sıfırdan başladıq və ötən illər ərzində ölkəmizin mükəmməl sərhəd infrastrukturu yarandı, ən müasir texnika və avadanlıqla təchiz olundu. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan potensial təhlükələrə çevik reaksiya vermək üçün qonşu ölkələrlə tərəfdaşlığa xüsusi önəm verir. Regionda hələ də müxtəlif təhdidlər və hədələr mövcuddur. Aydındır ki, heç bir ölkə təhlükəsizlik problemini təkbaşına tam həll etmək iqtidarında deyildir. Buna görə də bütün ölkələr təhlükəsizlik məsələlərində regional əməkdaşlığı möhkəmləndirməlidir.

Avropa İttifaqının genişləndiyini və sərhədlərinin regionumuza yaxınlaşdığını xatırladan Azərbaycan Prezidenti demişdir ki, bu amil məsuliyyətimizi daha da artırır. İqtisadi inkişaf və enerji təhlükəsizliyi baxımından təkcə regionda deyil, dünyada önəmli mövqe tutan Azərbaycan bütün ölkələrlə fəal əməkdaşlıq edir. Sərhəd məsələlərinə dair mötəbər tədbirin növbəti dəfə Azərbaycanda keçirilməsi də ölkəmizin müxtəlif dövlətlərlə bu sahədə tərəfdaşlığa əhəmiyyət verməsinin təzahürüdür.

Sərhəd məsələləri üzrə beynəlxalq konfransın sədri, Macarıstan Sərhəd Mühafizəsinin rəisi general-leytenant Yozef Bendek belə tədbirin üçüncü dəfə Bakıda keçirildiyinə və konfransın yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, sərhəd xidmətlərinin təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyəti vardır. Qonaq Azərbaycanın sərhəd xidmətinin qısa müddətdə yüksək səviyyədə qurulmasında Prezident İlham Əliyevin xidmətləri barədə konfrans iştirakçılarının məlumatlı olduqlarını söyləmişdir. «Biz Azərbaycan Prezidentinin tez-tez sərhəd zastavalarında olmasından, sərhədçilərlə görüşlərindən, sərhədlərin etibarlı mühafizəsi üçün gördüyü tədbirlərdən, sərhədçilərin sosial-məişət problemlərinin həllinə xüsusi diqqət yetirməsindən xəbərdarıq»,– deyən Yozef Bendek sərhədçilər üçün yeni salınmış istirahət mərkəzində yaradılan şəraiti də yüksək qiymətləndirmişdir. O, konfransın gedişi barədə məlumat verərək bildirmişdir ki, sərhəd xidmətlərinin birgə fəaliyyəti ilə bağlı yeni ideyalar işləmək baxımından Bakı konfransının müstəsna əhəmiyyəti var. Konfransın sədri daha sonra demişdir: «XV sessiyada biz təşkilatımızın 3 dərəcədə – bürünc, gümüş və qızıl ulduzlarını təsis etmişik. Təşkilatın ümumi qərarına əsasən, Azərbaycan Prezidenti «Qızıl ulduz»la təltif olunmuşdur». General Yozef Bendek mükafatı dövlətimizin başçısına təqdim etmişdir.

Prezident İlham Əliyev mükafatı qəbul edərək demişdir: «Sərhədlərin təhlükəsizliyinə verdiyim töhfəni bu ordenlə qiymətləndirdiyinizə görə Sizə olduqca minnətdaram. Siz tamamilə düzgün qeyd etdiniz ki, mən zabit və əsgər sərhədçilərlə, yəni Azərbaycanın birbaşa sərhədlərində xidmət edənlərlə bir çox görüşlər keçirirəm. Onlar olduqca çətin iqlim şəraitində Vətənə qulluq edirlər. Məsələn, dağ yüksəkliklərində şərait çox mürəkkəbdir. Lakin ölkə vətəndaşlarının həyatını qoruyan şəxslərə dövlətin gündəlik qayğı göstərməsi olduqca vacibdir. Biz sərhəd xidmətinin inkişafı proqramını davam etdirəcəyik, sərhədçilərin yaşayış şəraitini yaxşılaşdıracağıq, məvaciblərini artıracağıq, istirahət və asudə vaxt yerlərini təkmilləşdirəcəyik».

Dövlətimizin başçısı daha sonra vurğulamışdır ki, Azərbaycan bundan sonra da regional və beynəlxalq təhlükəsizlik tədbirlərində yaxından iştirak edəcəkdir. Eyni zamanda, ölkəmiz belə tədbirləri keçirməyə də həmişə hazırdır.