Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri
(07 Dekabr 2006-cü il)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Xudat şəhərində sərhədçilər üçün tikilmiş yaşayış şəhərciyinin istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport vermişdir.

Şəhərciyin həyətinə toplaşan sərhədçilər və onların ailə üzvləri möhtərəm Prezidenti hərarətli alqışlarla salamlamışlar.

Cənab Prezident şəhərciklə yaxından tanış olmuş, ayrı-ayrı mənzillərə baxmış, yaradılan şəraitlə maraqlanmışdır. Cənab Prezidentə məlumat verilmişdir ki, respublikada ilk dəfədir belə şəhərcik salınmışdır. Buradakı 11 ikimərtəbəli binada 66 mənzil vardır. Gələcəkdə digər bölgələrdə də bu cür şəhərciklər inşa ediləcəkdir. Şəhərciyin həyətində sakinlərin və uşaqların istirahəti üçün də gözəl şərait yaradılmışdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sərhədçiləri əlamətdar hadisə münasibəti ilə təbrik edərək demişdir:

- Bu gün sizin üçün bu gözəl evlərin istifadəyə verilməsini bir yerdə qeyd edirik. Yaşamaq üçün, işləmək üçün, xidməti vəzifələri yerinə yetirmək üçün hər cür, ən yüksək şərait var.

Azərbaycanda Sərhəd Qoşunlarının möhkəmlənməsi prosesi uğurla davam edir. Bizim sərhədlərimiz möhkəmlənir, sərhədçilərin xidməti şəraiti yaxşılaşır. Əmək haqları artırılır və bundan sonra da artırılacaqdır. Mənzil şəraiti yaxşılaşır, bir sözlə, dövlət sizin gözəl, hər bir şəraitlə təmin olunmağınız üçün əlindən gələni edir. Siz də dövlətin hüdudlarını qoruyursunuz və qorumalısınız. Azərbaycanın artan iqtisadi potensialı, siyasi önəmi əlbəttə, bizi məcbur edir ki, öz sərhədlərimizi daha da yüksək səviyyədə qoruyaq. Mən demişəm, bir də demək istəyirəm ki, bizim sərhədlərimiz dostlar üçün, əməkdaşlıq üçün açıqdır. Amma bizim sərhədlərimiz düşmənlər üçün, təxribatlar üçün bağlıdır və bağlı da olmalıdır. Azərbaycanın təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi, bütövlükdə ölkəmizin təhlükəsizlik şəraitində yaşaması, o cümlədən, sərhədçilərin fəaliyyətindən asılıdır. Bir daha demək istəyirəm ki, son illər ərzində Sərhəd Qoşunlarında gedən proseslər çox müsbətdir. Həm peşəkarlıq artır, həm də maddi-texniki baza möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində yeni zastavalar yaradılır. Onlar ən müasir texnika ilə, bütün lazımi avadanlıqla, vasitələrlə təmin olunur ki, bizim sərhədlərimiz ən yüksək səviyyədə qorunsun. Bu proses davam edir. Əsas kapital qoyuluşu məsələləri yəqin ki, gələn il və 2008-ci ildə öz həllini tapacaqdır. Biz lazımi vəsaiti ayırırıq, ildən-ilə sizin büdcəniz artır və siz də bu vəsaitdən səmərəli istifadə edirsiniz. Mən çox şadam ki, Sərhəd Qoşunlarının uğurlu fəaliyyəti Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.

Təxribat məqsədi ilə Azərbaycana gəlmək istəyən müxtəlif qüvvələrin qarşısı sərhədçilər tərəfindən alınmışdır. Quldur dəstələri zərərsizləşdirilmişdir. Siz bundan sonra da öz vəzifə borclarınızı şərəflə yerinə yetirməlisiniz. Bir daha demək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mən bütün Silahlı Qüvvələrə diqqət göstərirəm. O cümlədən, Sərhəd Qoşunlarının təkmilləşməsi, fəaliyyəti və gələcək inkişafı üçün də əlimdən gələni əsirgəmirəm. Bundan sonra da sərhədçilərin ən gözəl şəraitlə təmin olunması prosesi daha da sürətlə gedəcəkdir. Bu gözəl evlərdə siz rahat yaşayacaqsınız. Yaşamaq üçün hər cür şərait var. Xidmət etmək üçün də hər cür şərait var və belə də olmalıdır. Yaxşı iş şəraiti, yaxşı məişət şəraiti var və bundan sonra daha da yüksək səviyyədə olacaqdır. Azərbaycanın iqtisadi durumu yaxşılaşır, maddi imkanları artır, bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkşaf edir. Bu, bir tərəfdən ölkəmiz qarşısında duran vəzifələrin həlli üçün imkan yaradır, digər tərəfdən, - onu da siz bilirsiniz və bilməlisiniz, - əlbəttə ki, Azərbaycana xaricdən olan marağı da artırır. Əgər o maraq xoş niyyətlidirsə, biz bunu alqışlayırıq. Amma bəzi hallarda Azərbaycanın artan imkanları xoşagəlməz hadisələr törətmək istəyən ünsürləri də cəlb edir. Bu, hər yerdə belədir. Harada iqtisadi inkişaf, irəliləyiş var, orada iş görmək istəyən insanların sayı artır. Eyni zamanda, bu, pis niyyətlə gəlmək istəyənlərin sayını da artıracaqdır. Ona görə siz sərhədləri çox yüksək səviyyədə qorumalısınız.

Mən sizə bu fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram. Arzu edirəm ki, siz bu gözəl evlərdə xoşbəxt yaşayasınız. Sağ olun.

***

Sonra Cənab Prezident xidməti mənzillərin orderlərini sahiblərinə təqdim etmişdir. Dövlətimizin başçısı zabitlərin ailə üzvləri, o cümlədən uşaqları ilə görüşüb söhbət etmiş, şəhərcikdə yaşayanların vəziyyəti, uşaqların təhsilləri ilə maraqlanmışdır.

Dövlətimizin başçısının adından hər bir mənzilə rəngli televizor hədiyyə olunmuşdur.