Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə Döyüş Bayraqlarının təqdim edilməsi mərasimindəki nitqi
(16 Avqust 2005-cü il)

- Əziz sərhədçilər!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizi qarşıdan gələn peşə bayramınız münasibətilə, Sərhəd Qoşunlarının yaranmasının 86-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanda sərhəd mühafizəsi yarandı. Ancaq bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyəti çox yaşamadı, 1920-ci ildə süqut etdi. Beləliklə, Azərbaycanda Sərhəd Qoşunlarının formalaşması prosesi dayandı. Azərbaycan Sovet İttifaqı tərkibində yaşadığı dövrdə öz sərhəd qoşunları yox idi. Ancaq onu qeyd etmək lazımdır ki, Azərbaycanda Sərhəd Qoşunlarının formalaşması prosesi məhz o illərdə başlamışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi, siyasəti nəticəsində 1970-ci illərdə Azərbaycanda çox güclü hərbi kadr potensialı yaranmağa başladı. Bu gün o illəri yada salaraq, o illər ərzində baş vermiş hadisələri, qəbul edilmiş qərarları təhlil edərək, bir daha görürük ki, o illərdə də Heydər Əliyevin fəaliyyəti Azərbaycanın gələcəkdə müstəqil yaşamasına xidmət edirdi. Məhz onun qərarı ilə Sovet İttifaqında analoqu olmayan, heç bir müttəfiq respublikalarda mövcud olmayan Cəmşid Naxçıvanski adına hərbi məktəb yarandı. Bu gün o məktəbin məzunları Azərbaycan ordusunda, Sərhəd Qoşunlarında çox ləyaqətlə xidmət edirlər. Bu gün Azərbaycanın təhlükəsizliyinin keşiyində duran yüzlərlə, minlərlə insan o illərdə ilk hərbi dərsləri almışlar.

O illərdə görülmüş işlər nəticəsində Azərbaycanın müstəqil ordusunun, Sərhəd Qoşunlarının formalaşmasına böyük təkan verilmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra müstəqil Sərhəd Qoşunlarının yaranması aktual məsələyə çevrilmişdi. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra ölkədə yaranmış anarxiya və xaos, özbaşınalıq imkan vermirdi ki, Azərbaycanda hər hansı bir sahədə irəliləyiş olsun, tərəqqi olsun, quruculuq işləri aparılsın. O cümlədən Sərhəd Qoşunlarında da vəziyyət ürəkaçan deyildi. Demək olar ki, sərhədlər qorunmurdu, sərhədlər çox şəffaf idi və əlbəttə, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında bu, böyük problem yaradırdı.

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra Sərhəd Qoşunlarının formalaşması sistemli xarakter aldı, məqsədyönlü şəkildə işlər görülməyə başladı və bu gün görürük ki, Azərbaycanın Sərhəd Qoşunları ən yüksək səviyyəyə çatmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixində, o cümlədən ordu quruculuğunda böyük xidmətləri olmuşdur. Azərbaycanda hərbi kadr potensialının yaranmasında onun müstəsna xidmətləri vardır. Sərhəd Qoşunlarına da daim böyük diqqət göstərirdi və bu diqqət bu gün də davam edir. Məhz 2002-ci ildə Heydər Əliyevin qərarı ilə Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyindən ayrılaraq, müstəqil Dövlət Sərhəd Xidməti yarandı.

Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət göstərilir. Sərhəd Qoşunlarının sərəncamına çoxlu texnika, infrastruktur obyektləri verilmişdir. Bu gün bu texnika çox yüksək səviyyədə saxlanılır, təmir olunur. Bir neçə il bundan əvvəl Sərhəd Qoşunlarına verilmiş gəmilər, döyüş texnikası, vertolyotlar ən yüksək səviyyədə təmir olundu və bu gün Azərbaycanın sərhədlərinin qorunmasında çox önəmli rol oynayır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi, ölkədə ordu quruculuğuna, Sərhəd Qoşunlarının inkişafına daim diqqət göstərirəm. Mənim hərbi hissələrdə çoxsaylı görüşlərim onu göstərir ki, Azərbaycan dövləti bu sahəyə çox böyük diqqət yetirir. 2004-cü ildə Xudat sərhəd dəstəsində olarkən, şəxsi heyətlə görüşərkən bu sahədə görülən işlərin çox yüksək səviyyədə olduğuna əmin oldum. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur və bundan sonra da görüləcək işlər imkan verəcək ki, sərhədlərimiz ən etibarlı şəkildə qorunsun. Bu proses gedir.

Sovet Ittifaqı zamanında Azərbaycanın öz dövlət sərhədləri yox idi. Bu gün Rusiya və Gürcüstanla sərhədlərin uzunluğu təxminən 1000 km təşkil edir. İranla sərhədimiz təxminən 800 km uzunluğundadır. Bilirik ki, İranla sərhədlərimiz 1990-cı illərin əvvəllərində dağıdılmışdı. Ermənistanla sərhədimiz 1000 km-dən çoxdur. Ancaq bilirsiniz ki, o sərhəd pozulub və bir hissəsində bizim ordu hissələrimiz yerləşibdir. Sərhədlərimizin qorunması üçün gələcəkdə hələ çox işlər görülməlidir.

Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmlənməsi prosesi uğurla davam edir və bir daha qeyd etmək lazımdır ki, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmlənməsinə aid olan bütün təkliflərə operativ qaydada baxılır və onların hamısı təmin olunur. Biz buna gələcəkdə daha böyük həcmdə vəsait ayıracağıq. Çünki Azərbaycanın iqtisadi potensialı güclənir, dövlətin maliyyə durumu yaxşılaşır. Azərbaycanın büdcəsi ildən-ilə artır. Bu il respublikanın büdcəsi ilk dəfə 2 milyard 200 milyon dollar səviyyəsinə çatmışdır. Gələn il büdcə 3 milyard dollardan çox olacaqdır. Şübhəsiz ki, büdcədə ilk növbədə, hərbi məqsədlərə böyük vəsaitlər nəzərdə tutulubdur.

Azərbaycan iqtisadi cəhətdən çox cəlbedici ölkədir. Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf edir. Ümumi daxili məhsul 2005-ci ilin ilk 6 ayında təxminən 17 faiz artıbdır, bu da heç bir ölkədə olmayan göstəricidir. Sənaye istehsalının 20 faiz artması sənaye potensialımızın güclənməsi deməkdir, yeni infrastrukturun yaranması deməkdir.

Azərbaycanda iqtisadi sahədə çox böyük imkanlar yaranır. Şübhəsiz ki, ölkəmiz iqtisadi cəhətdən cəlbedici olduğuna görə, ona olan maraq da artır. Biz dostlarımız üçün qapılarımızı açmışıq, açıq qapı siyasəti aparırıq. Ancaq Azərbaycana bəd niyyətlə gəlmək istəyən dairələr, qüvvələr, ünsürlər bilməlidirlər ki, Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur.

Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyildir. Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır və bu işdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz onun uzaqgörənliyi nəticəsində bu gün Azərbaycan həm siyasi müstəvidə, həm beynəlxalq əlaqələrdə, həm də daxildə iqtisadi islahatların davam etdirilməsində öz siyasətini azad şəkildə, öz milli maraqlarına uyğun şəkildə aparır.

Bu gün dünyada yeni təhlükələr meydana çıxıbdır. Beynəlxalq terrorizmlə mübarizə bu gün dünya ölkələrini birləşdirən bir amildir. Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizəyə töhfəsini verir və bundan sonra da bu siyasət aparılacaqdır. Terroristlər sərhəd tanımırlar. Terrorizm elə bir bəladır ki, onunla mübarizə aparmaq çox çətindir. Sən düşməni görmürsən və düşmən sənə xaincəsinə zərbələr vurur. Ona görə beynəlxalq terrorizmlə uğurla mübarizə aparmaq üçün bütün dünya ölkələri birləşməlidir. Terroristlər arasında ayrı-seçkilik qoyulmamalıdır.

Azərbaycan terrora məruz qalmış bir ölkədir. 1990-cı illərin əvvəllərindən erməni terror təşkilatları tərəfindən Azərbaycanda 30-dan yuxarı terror aktları həyata keçirilmiş və 2 mindən çox günahsız insan həlak olmuşdur. Ancaq o illərdə biz dünyanın bu məsələyə ciddi reaksiyasını görmədik. Azərbaycan öz problemləri, öz çətinlikləri ilə üz-üzə qalmışdı. Bizə nə beynəlxalq birlik tərəfindən, nə də beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım göstərilmədi.

İndi, terrorizm dünya üçün daha da təhlükəli olandan sonra bu məsələyə diqqət artıbdır. Yəni onu demək istəyirəm ki, terroristlər təkcə sənin ölkən üçün təhlükə törətmirlər, təhlükə mənbəyi deyillər. Başqa ölkədə törədilən terror aktları bizim hamımızı düşündürməlidir. Azərbaycan beynəlxalq antiterror koalisiyasında fəal iştirak edir və ona öz töhfəsini verir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi bizi çox narahat edir. Bu məsələ artıq Birləşmiş Millətlər Təşkilatının, digər mötəbər beynəlxalq qurumların diqqət mərkəzindədir. Biz öz tərəfimizdən bu məsələyə dair təkliflərimizi vermişik, öz töhfəmizi veririk.

Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın işğal altında qalmasıdır. Çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Beynəlxalq təşkilatlar bu məsələyə daha da böyük diqqət göstərirlər. Azərbaycanın haqq səsi eşidilir və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar ədaləti əks etdirir. Ancaq bütün bunlarla yanaşı, bütün diplomatik, siyasi uğurlarla yanaşı, bu məsələ öz həllini tapmır. Ona görə bu vəziyyətlə barışa bilmərik. Biz bundan sonra da çalışacağıq ki, məsələni danışıqlar yolu ilə, siyasi yollarla həll edək, Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunsun və bizim qaçqın-köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Əlimizdən nə gəlirsə, onu edəcəyik.

Ancaq eyni zamanda hamımız bilməliyik ki, əgər düşmən qarşıda böyük gücü görərsə, onda yəqin ki, danışıqlar prosesində daha da açıq olacaq, kompromislərə daha da cəsarətlə gedəcəkdir. Bu məqsədlə Azərbaycanın hərbi potensialının gücləndirilməsi istiqamətində böyük işlər görülür. Bizim hərbi büdcəmiz 76 faiz artıbdır və bu il 300 milyon dollar təşkil edir. Hökumət qarşısında vəzifə qoyulub ki, gələn il hərbi büdcəmiz ən azı bu sürətlə artsın və beləliklə, Azərbaycanın qarşısında duran bütün məsələlər öz həllini tapsın.

Ordumuzun maddi-texniki bazası möhkəmlənməlidir. Yeni texnika, silah alınmalıdır və alınacaqdır. Siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edərək, biz istədiyimizə nail olacağıq. İstədiyimiz də beynəlxalq hüquq normalarına əsaslanır. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızı da heç kimə verən deyilik. Nə qədər ki, gec deyil, Ermənistan rəhbərliyi bunu anlamalıdır. Azərbaycanla rəqabət aparmaq artıq onlar üçün mümkün olmayan məsələdir. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm dünya birliyinə inteqrasiya baxımından, həm də hərbi potensial baxımından bu gün Azərbaycan Ermənistandan qat-qat üstündür. Bir neçə ildən sonra bizim aramızda olan uçurum daha da dərinləşəcəkdir.

Əziz dostlar!
İki gündən sonra biz hamımız sərhədçi gününü qeyd edəcəyik. Bir daha demək istəyirəm ki, Sərhəd Qoşunlarının uğurları məni çox sevindirir. Bizim Sərhəd Qoşunlanmız maddi-texniki bazası baxımından, hazırlıq baxımından ən yüksək dünya standartlarına cavab verir. Vətənpərvərlik ruhu çox yüksəkdir. Bu da çox önəmlidir. Mən hər dəfə sərhədçilərlə görüşəndə, vəziyyətlə tanış olanda bunları görürəm. Bilin ki, mən bundan sonra da Azərbaycanın Sərhəd Qoşunlarının inkişafına öz töhfəmi verəcəyəm, bu məsələlərə daim böyük diqqətlə, qayğı ilə yanaşacağam. Biz hamımız Azərbaycanda Sərhəd Qoşunlarının daha da inkişafına çalışmalıyıq. Sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda xidmətdə uğurlar arzulayıram. Sağ olun.