Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksinin açılış mərasimdə iştirak etmişdir
(19 May 2011-cü il)

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə raport vermişdir.

Dövlətimizin başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunmuşdur. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılmışdır. Burada uşaq bağçası, qadın və kişi trenajor zalı, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış olmuşdur. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.

Yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim etmişdir.