Ulu Öndər Heydər Əliyev / Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarinin rəhbərliyi və dəstə rəisləri ilə görüşdə nitqi
(6 mart 2002-ci il)

- Sizinlə keçən ilin avqust ayındakı görüşdə biz Azərbaycanın Sərhəd Qoşunlarının tarixi, ənənələri və vəzifələri haqqında çox ətraflı danışdıq. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycanda Sərhəd Qoşunları yaranmış və artıq on ildir ki, Sərhəd Qoşunları ölkəmizin sərhədlərini qorumaqla məşğuldur.

Hər bir ölkənin dövlət sərhədi onun dövlət müstəqilliyinin əsas amilidir. Ona görə sərhədlərin hər bir ölkə üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini və onların qorunmasının həm ölkənin müstəqilliyi üçün, həm də xalqın yaşayışı üçün nə qədər vacib olduğunu, təbiidir ki, siz yaxşı bilirsiniz. Bütün bu vəzifələri yerinə yetirmək üçün indi sizin lazım olan imkanlarınız var.

Burada Sərhəd Qoşunları komandanının verdiyi məlumatdan görünür ki, keçən il xeyli iş görə bilmisiniz və müəyyən nailiyyətlər əldə etmisiniz. Eyni zamanda, hələ işinizdə nöqsanlar da, çatışmamazlıqlar da vardır. 2002-ci ildə vəzifəniz nöqsanları aradan qaldırmaq, işinizi daha da təkmilləşdirmək, sərhədlərin mühafizəsini daha da gücləndirmək və Sərhəd Qoşunlarının şəxsi heyətinin həm fiziki, həm də mənəvi sağlamlığını möhkəmləndirməkdən ibarətdir.

Azərbaycan Sərhəd Qoşunları Azərbaycanın dövlət müstəqilliyi kimi gəncdir. Ötən illərdə Sərhəd Qoşunlarının formalaşması üçün müəyyən işlər görülübdür. Məhz bunların nəticəsində bizi indi mövcud olan Sərhəd Qoşunlarına və onların işləməsi üçün lazım olan maddi-texniki bazaya malikik. Ancaq bunlar Azərbaycan dövlətinin sərhədlərinin tam qorunması üçün heç də yetərli deyildir. Birinci növbədə, sərhədin qorunması üçün lazımi qədər şəxsi heyət olmalıdır. Bu hələ lazımi miqdarda deyil, xüsusən də zabit heyəti.

Siz lazım olan zabit heyətinin neçə faiz təmin olunduğunu bilirsiniz. Mən də bu rəqəmi bilirəm, ancaq burada elan etmək istəmirəm. Siz bunu bilirsiniz. Mən bu rəqəmlərlə tanış olanda bir daha düşündüm ki, bunlar bizim sərhəd qoşunlarının lazımi səviyyəyə çatması üçün çox böyük maneədir. Bunları aradan qaldırmaq üçün çox ciddi tədbirlər görmək lazımdır. İndiyə qədər aparılan işlər lazımi nəticələr verməyibdir. O mənada ki, o işlərin həcmi lazımi nəticəni verə bilməzdi. Ona görə də mən bu gün Milli Təhlükəsizlik naziri Namiq Abbasova göstəriş verdim ki, təkliflər hazırlansın. Yaxın beş ildə zabit kadrların hazırlanması üçün müəyyən tədbirlər planı baxılıb təsdiq olunsun və həyata keçirilsin. Bəli, bunlar müəyyən əlavə vəsait tələb edəcəkdir. Amma biz bu vəsaiti ayırmağa hazırıq. Çünki əgər indi sərhəd qoşunlarının zabit korpusunun yaranması bu sürətlə aparılsa, bu, çox uzun vaxt aparacaqdır. Amma belə vəziyyətə də dözmək olmaz.

Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmlənməsi də əsas şərtlərdən biridir. İndi bu, var. Ancaq hesab edirəm ki, yetərli deyil. Bu barədə də lazımi tədbirlər görmək lazımdır. Bunlarla yanaşı, Sərhəd Qoşunlarının şəxsi heyətinin təlim-tərbiyəsi, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi prinsiplərinə sadiqliyinin təmin olunması sizin əsas vəzifələrinizdir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Siz 2002-ci ildə bu vəzifələrin yerinə yetirilməsi ilə ciddi məşğul olacaqsınız.

Sizin qarşınızda sərhədi qorumaq nöqteyi-nəzərdən çox böyük vəzifələr durur. Bu vəzifələr sizə məlumdur. Ancaq onların bəzilərinin üzərində mən dayanmaq istəyirəm. Birincisi, beynəlxalq terrorizmlə mübarizə. Bu, həmişə aktual vəzifə olubdur. Ancaq ötən il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda baş vermiş dəhşətli terror hadisələrindən sonra beynəlxalq terrorizmin bütün bəşəriyyət üçün, bütün dünya üçün nə qədər təhlükəli olduğu bir daha aşkar oldu və təbiidir ki, bununla əlaqədar beynəlxalq terrorizmlə mübarizə güclənməlidir.

Azərbaycan öz coğrafi vəziyyətinə görə, ola bilər, beynəlxalq terrorizmin ayrı-ayrı qüvvələrinin fəaliyyət göstərməsi üçün cəlbedici olsun. Məhz sizin - Milli Təhlükəsizlik Nazirliyinin və Sərhəd Qoşunlarının əldə etdiyiniz materiallar, ayrı-ayrı terrorçuların, cinayətkarların yaxalanması, onların işlərinin istintaqı göstərir ki, həqiqətən, Azərbaycan bu barədə beynəlxalq terrorizm üçün bir hədəfdir. Beynəlxalq terrorizmin başqa ölkələrə keçməsi üçün də bir körpüdür. Ona görə bunları nəzərə almaq lazımdır və beynəlxalq terrorizmlə mübarizə sizin birinci növbəli vəzifəniz olmalıdır.

Sərhədlərin qorunması ilə yanaşı, narkotiklərin daşınmasının da qarşısının alınması çox vacib vəzifələrdən biridir. Təəssüflər olsun ki, bizimlə həmsərhəd ölkələrdən və onlarla həmsərhəd digər ölkələrdən narkotiklərin Şimala, Qərbə daşınması davam edir. Bunun qarşısı alınmalıdır. Birinci növbədə, yenə də Azərbaycan burada tranzit ölkə kimi narkotiklərin daşınması üçün əlverişlidir. İkincisi, Azərbaycanın özündə də narkotik maddələrin qəbul olunması, təəssüf ki, müəyyən qədər genişlənibdir. Ona görə də narkotiklərin xarici ölkələrdən Azərbaycana gətirilməsinin qarşısı ciddi şəkildə alınmalıdır.

Siz qaçaqmalçılıqla ciddi mübarizə aparmalısınız. Çünki bizim sərhədlərin möhkəmliyi və gömrük xidmətinin vəzifələri Azərbaycanın ticarət dövriyyəsinin təmin olunması üçün əsas şərtlərdir. Bunları təmin etmək lazımdır. Qaçaqmalçılığın genişlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə çox böyük zərər verir və bizim iqtisadiyyatımıza zərər verir. Ona görə siz bu məsələ ilə də çox ciddi məşğul olmalısınız.

Təəssüflər olsun ki, son illər müxtəlif ölkələrdən naməlum şəxslər sərhəddən keçərək Azərbaycanda yerləşiblər. Bəzi imkanlardan istifadə edərək, Azərbaycanda daimi yaşamağa başlayıblar. Bu, Azərbaycanın bu günü üçün, gələcəyi üçün təhlükəlidir. Biz imkan verə bilmərik ki, hansısa ölkədən naməlum şəxslər gəlib Azərbaycanda yerləşsinlər. Təəssüflər olsun ki, bunların içərisində çoxları cinayətkardır, yaxud cinayət etməyə meyllidir. Ona görə də bunlar çox təhlükəlidirlər. Bunların qarşısı ciddi alınmalıdır.

Sizin vəzifələriniz çoxdur. Mən, sadəcə, sizə bunları deyirəm. Çünki bunlar bu gün daha aktualdır. Bunların hamısını təmin etmək üçün gərək Sərhəd Qoşunlarının şəxsi heyəti Azərbaycan dövlətçiliyinə daim sədaqətli olsun, peşəsini mənimsəmək üçün öz üzərində daim işləsin, məşğul olsun, peşəkar sərhədçi olsun və Azərbaycan dövlətinə sədaqətlə xidmət etsin.

Biz Sərhəd Qoşunlarını Azərbaycanın Silahlı Qüvvələrində böyük yer tutan bir hissə hesab edirik, Sərhəd Qoşunlarının fəaliyyəti ilə daim məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Məhz buna görə də mən ilin yekunlarına dair apardığınız müzakirələrdən istifadə edərək, sizi bu görüşə dəvət etdim. Birincisi, sizinlə görüşdüm, sizi görmək istədim. İkincisi də, sizə bəzi tövsiyələrimi vermək istədim.

Mən ümidvaram ki, siz Azərbaycanın sədaqətli sərhədçiləri olacaqsınız və Azərbaycanın Sərhəd Qoşunlarının inkişaf etməsi üçün, möhkəmlənməsi üçün əlinizdən gələni edəcəksiniz. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Mən sizi daha saxlamaq istəmirəm. Gedib işlərinizlə məşğul olun. Bir daha deyirəm, mənim əsas məqsədim ondan ibarət idi ki, sizinlə görüşüm və siz də mənimlə görüşəsiniz. Bununla da biləsiniz ki, Azərbaycan Prezidenti Sərhəd Qoşunlarına nə qədər çox diqqət yetirir, nə qədər çox qayğı göstərir. Sağ olun.