Ulu Öndər Heydər Əliyev / Ulu Öndər Heydər Əliyevin Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitqi
(16 dekabr 1996-cı il)

Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaranmasının beşinci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm, bu şərəfli işinizdə sizə uğurlar arzulayıram.

Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir.

Müstəqil Azərbaycan Respublikasının dövlət sərhədləri respublikamız dövlət müstəqilliyini əldə etdiyi, Azərbaycanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındığı və qəbul olunduğu andan müəyyən edilibdir. Bu, SSRİ dağılarkən Sovetlər İttifaqının tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir. O vaxt bizim xalqımız, dövlətimiz bu sərhədləri öz müstəqil dövlətinin sərhədləri kimi qəbul edib və beynəlxalq təşkilatlar da, dünya birliyi də bu sərhədləri tanıyıblar. Bu sərhədlər xalqımız və müstəqil dövlətimiz üçün müqəddəs amillərdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir. Buna görə də hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumu, sərhəd anlayışı birinci sıralarda durur.

Bizim xalqımız və millətimiz üçün, ölkəmiz üçün əziz olan dövlət müstəqilliyinin əsas amillərindən biri – Azərbaycan Respublikasının sərhədləri, onun qorunması sizə, Azərbaycanın Sərhəd Qoşunlarına tapşırılmışdır. Bunların hamısı Azərbaycan Respublikası Sərhəd Qoşunlarının respublika Silahlı Qüvvələri tərkibində nə qədər gərəkli yer tutduğunu və böyük rol oynadığını aydın göstərir. Bunların hamısı hər bir sərhədçinin Vətən, millət, xalq qarşısında, dövlət qarşısında nə qədər böyük məsuliyyət daşıdığını göstərir. Buna görə də sizə, hörmətli sərhədçilər, xalqımız, dövlətimiz şərəfli iş tapşırıb. Sizin üzərinizə şərəfli vəzifə qoyulubdur. Eyni zamanda sizin üzərinizə çox böyük məsuliyyət qoyulubdur.

Mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu və üzərinə düşən bu vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edir.

Azərbaycan müstəqil dövlət kimi gəncdir. Beş il dövlət tarixi üçün bu böyük bir zaman deyil. Ancaq eyni zamanda bu, Azərbaycan Respublikasının, bizim ölkəmizin daim müstəqil olması üçün başlanğıc dövrüdür, təməl daşıdır. Bu beş il müddətində görülən işlər Azərbaycan xalqının azad, sərbəst yaşamağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşamağa qadir olduğunu bütün dünyaya göstərdi. Bu xalqımızın müstəqillik, milli azadlıq istəyinin, iradəsinin ifadəsidir. Vaxt var idi, bəziləri hesab edirdilər ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz və respublikamız müstəqil dövlət ola bilməz. Onlar xalq qarşısında nə qədər böyük günahlar ediblər, eyni zamanda xalqımızın böyük mənəvi potensialını, böyük iradəsini dərk edə bilməyən adamlar idilər. Onlar bizim torpağımızda yaşasalar da, xalqımıza mənsub olsalar da, ancaq xalqımızın böyük mənəvi potensialına, dərin milli azadlıq hisslərinə və əsrlər boyu müstəqillik arzuları ilə yaşayacaqlarına inanmırdılar, onu dərk edə bilmirdilər.

Bu beş il onu göstərdi ki, bizim ölkəmiz müstəqil ola bilər, xalqımız azad, sərbəst, heç bir başqa dövlətdən asılı olmayaraq yaşaya bilər, özü öz həyatını qura bilər. Bu beş il onu göstərdi ki, bu yolda – milli azadlıq yolunda, müstəqillik yolunda qarşımıza çıxan bütün maneələri, bütün müqavimətləri dəf etməyə biz qadirik. Bunları dəf etdik, bunların hamısını məğlub etdik, öz müstəqilliyimizi bütün dünyaya sübut etdik.

Bu beş il Azərbaycan Respublikasının həyatında eyni zamanda mürəkkəb proseslər illəri, Azərbaycan xalqının həyatında böyük sınaqlar illəri olmuşdur. Mən bu gün böyük iftixar hissi ilə deyirəm ki, xalqımız bu sınaqlardan müvəffəqiyyətlə, uğurla çıxıbdır. Xalqımız bu maneələrin qarşısını alıbdır, bu müqavimətləri dəf edibdir, bunların hamısını darmadağın edibdir. Bir tərəfdən hələ 1988-ci ildən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü, ikinci tərəfdən ölkəmizin daxilində həm Azərbaycanın müstəqilliyinə zidd olan qüvvələr, həm də Azərbaycanın bu çətin dövründə öz şəxsi mənafelərini təmin etmək üçün, xalqın mənafelərinə zidd məqsədlərinə nail olmaq üçün hakimiyyət mübarizəsi aparan, vəzifə davası aparan ünsürlər, qruplar, dəstələr Azərbaycan xalqını bu müstəqillik yolunda çox əzab-əziyyətlərə salıblar.

Böyük itkilər vermişik. Azərbaycanın müdafiə edilməsində, ərazi bütövlüyünün qorunmasında xalqımız böyük qurbanlar, şəhidlər veribdir. Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq yolunda xalqımız qəhrəmanlıq nümunələri göstəribdir, dövlətimizə, dövlətçiliyimizə böyük sədaqət nümayiş etdiribdir. Amma eyni zamanda bizim bu yolda da qurbanlarımız, itkilərimiz olubdur.

Bir şey bizdə böyük iftixar hissi doğurur ki, bütün bunların qarşısını almışıq, bu qurbanlar, itkilər Azərbaycanın bugünkü müstəqil, qüdrətli bir dövlət olması üçün verilibdir. Bu qurbanların, bu itkilərin xatirəsi qəlbimizdə daim yaşayacaq və onların müstəqillik yolunda şəhid olması xalqımızı bundan sonra müstəqillik uğrunda mübarizəyə daha da səfərbər edəcəkdir.

Bütün bu proseslərdə Sərhəd Qoşunlarının da özünəməxsus yeri, özünəməxsus rolu var. Azərbaycanda keçmişdə milli sərhəd qoşun dəstələri heç vaxt olmayıbdır. Sərhəd qoşun dəstələri xalqımızın tarixində ilk dəfə beş il bundan öncə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yaranıbdır. Ancaq eyni zamanda belə qoşunların yaradılması üçün, bu işin təşkil edilməsi üçün respublikamızda böyük təcrübə olubdur. Bu təcrübə də keçmiş Sovetlər İttifaqının Sərhəd Qoşunlarının həyat yolu, təcrübəsi, peşəkarlıq nümunələri, nailiyyətləridir.

Azərbaycan keçmişdə də bir sərhəd respublikası kimi yaşayıbdır. Sovetlər İttifaqının tərkibində olarkən o böyük ölkənin cənub sərhədlərinin bir hissəsini Azərbaycanın ərazisindən keçən sərhəd xətləri təşkil edibdir. Ona görə də Sərhəd Qoşunları bizim üçün tanış olan hərbi hissələrdir. Sərhədi qorumaq prinsipləri, mexanizmi bizim üçün tanışdır. Ancaq eyni zamanda müstəqil dövlətimizin sərhədlərini qorumaq üçün o tanışlıq, o vaxtkı cüzi imkanlarımız, əlbəttə ki, kifayət deyil. İndiyə qədər əldə olunan təcrübə və nailiyyətlər bundan sonra Azərbaycanın Sərhəd Qoşunlarının güclənməsi, möhkəmlənməsi, təşkilatlanması üçün əsasdır. Ancaq qarşıda görüləsi işlər çoxdur.





Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, respublikamızın Sərhəd Qoşunlarının tərkibində xidmət edən zabitlər, əsgərlər, bütün şəxsi heyət – bunların hamısı Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün nə qədər böyük məsuliyyət daşıdıqlarını daim düşünməli, bu məsuliyyətin qarşısında cavabdehliyi daim bilməlidirlər. Mən Azərbaycanın Sərhəd Qoşunlarının bu günə qədər olan xidmətlərini və əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirirəm. Ancaq eyni zamanda bunu heç də yetərli hesab etmək mümkün deyil. Görülən işlər, keçilmiş bu beşillik yol Azərbaycanda güclü, peşəkar, çox səriştəli, müasir tələblərə cavab verən Sərhəd Qoşunlarının yaranması üçün ancaq əsasdır, bazadır. Ümidvaram ki, bu əsasda Azərbaycanın Sərhəd Qoşunları bundan sonra öz fəaliyyətini gündən-günə həm genişləndirəcək, həm təkmilləşdirəcək, kamilləşdirəcək, həm də keyfiyyətini yüksəldəcəkdir.

İmkanlar vardır. Ancaq bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Mən qeyd edim ki, bizim sərhədçilərimiz üçün keçmiş Sovetlər İttifaqının Sərhəd Qoşunlarının təcrübəsi böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, Sovetlər İttifaqı dağılıb və Sovetlər İttifaqı kimi bir fövqəldövlətin 70 il dövr sürdüyü bir zamanda bu dövlətin, bu quruluşun böyük nailiyyətləri də olubdur. Bəli, böyük nailiyyətləri də olub, çatışmazlıqları, mənfi cəhətləri də olub. Məhz bu ikincisinə görə həmin dövlət artıq yaşaya bilməyib, dağılıb və bu da böyük tarixi hadisə olubdur. Ancaq o dövlətin Sərhəd Qoşunları – mən bunu şəxsən çox yaxşı bilirəm – böyük təcrübəyə malik olublar. Dünyanın bütün başqa regionlarından fərqli ictimai-siyasi, iqtisadi quruluşa malik olan böyük bir dövlətin sərhədlərini qorumaq üçün bütün başqa ölkələrin sərhəd sistemlərindən güclü Sərhəd Qoşunları sərhəd sistemi yaranmalı idi.

Belə bir sistem yaranmışdı. Bəlkə də dünyada heç bir başqa ölkənin o qədər güclü sərhəd qoşun hissələri olmayıb, o qədər güclü sərhədqoruma sistemi, mexanizmi olmayıb. Bunu etiraf etmək lazımdır. O təcrübə bizim üçün çox gərəklidir. Doğrudur, sərhədi qorumaq üçün keçmişdə yaranmış mühəndis-texniki qurğular, cürbəcür cihazlar, sərhədqoruma vasitələri, avadanlıq almaq, təmin etmək indiki iqtisadi vəziyyətimizə görə ölkəmiz üçün mümkün deyil. Bəlkə də buna heç ehtiyac yoxdur. Ancaq bu gün bizim üçün o sistemin yararlı olan təcrübəsindən faydalanmaq, səmərəli istifadə etmək lazımdır.

Bir təcrübə də bizim üçün çox gərəklidir. Bu gün bu həqiqəti də etiraf etmək lazımdır ki, keçmişdə Sovetlər İttifaqının sərhəd dəstələrində xidmət edən əsgərlərdən zabitlərə qədər yüksək mənəviyyata malik sərhəd dəstələri müşahidə olunurdu. Biz yüksək peşəkarlığa, yüksək nizam-intizama malik sərhəd dəstələrinin şahidi olmuşuq. Hesab edirəm ki, keçmiş sərhəd dəstələrində gördüyümüz belə nizam-intizam və Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına sədaqət bizim sərhəd dəstələrində yüksək səviyyədə təmin oluna bilsə, sərhədlərimizin qorunmasında indiyə qədər meydana çıxan nöqsanları aradan qaldırmaq üçün çox işlər görmək olar və çox müsbət nəticələr əldə etmək olar.

Sərhədlərimiz bizi əhatə edən dost ölkələrlə olan sərhədlərdir. Ermənistanla bizim aramızda müharibə var, münaqişə var. Ermənistan Respublikası öz hərbi təcavüzü ilə Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərini pozmuşdur. O, nəinki Ermənistanla Azərbaycan arasında olan sərhədləri pozmuşdur, hətta Azərbaycanla İran arasında olan sərhədlərin bir hissəsini pozmuşdur və o hissəni də işğal etmişdir. Ona görə də burada, Ermənistanla bizim aramızda ordumuzun silahlı dəstələri durur. Onlar həm bir ordu kimi ölkəmizin ərazisini müdafiə edir, həm də Ermənistanla bizim aramızda durur. Doğrudur, onların durduğu yer bizim sərhədimiz deyil. Bizim sərhədimiz Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıbdır. Ancaq Ermənistan silahlı qüvvələri ilə üz-üzə duran ordumuzun hissələridir.

Bütün digər ölkələrlə sərhədlərimiz demək olar ki, dost ölkələrlə olan sərhədlərimizdir. Amma eyni zamanda – siz bunu bilirsiniz – mən qeyd etmək istəyirəm ki, bu ölkələrdə də cürbəcür təxribatçı qruplar, terrorçu dəstələr, qaçaqmalçılar, narkotik maddələrin keçirilməsi və satışı ilə məşğul olan gizli qruplar, dəstələr və başqa cinayətkar ünsürlər sərhəddən bizim ölkəmizə daxil olmaq cəhdləri göstərirlər və bəzən də, təəssüflər olsun ki, daxil olurlar, burada öz cinayətkar işlərini görə bilirlər, ölkəmizə böyük ziyanlar vururlar. Bununla yanaşı olaraq, ölkəmizin daxilində mövcud olan cinayətkar ünsürlər, cinayətkar dəstələr, vaxtilə cinayət yolu ilə dövləti, dövlət hakimiyyətini devirməyə cəhd göstərən qruplar, dəstələr, onların da bir qismi ayrı-ayrı qruplara, dəstələrə mənsub olan şəxslər yaxalanmaqdan qurtarmaq üçün ölkəmizdən qaçıb qonşu ölkələrdə gizlənirlər. Ancaq sakitcə gizlənmirlər, orada öz cinayətkarlıq fəaliyyətini davam etdirirlər, ölkəmizə qarşı cürbəcür təxribat planları qururlar, terror aktları həyata keçirmək planları qururlar, ölkəmizin daxilində olan sabitliyi pozmağa çalışırlar, cürbəcür başqa cinayət yollarına əl atırlar. Bütün bu cinayət məqsədlərini ölkəmizin daxilində həyata keçirmək üçün, şübhəsiz ki, onlar bizim sərhədlərimizdən keçib gəlməlidirlər. Onlardan istifadə edirlər – ya Sərhəd Qoşunlarının daim sərhəddə durduğu məntəqələrdən, yaxud da, təəssüflər olsun ki, rəsmi keçid məntəqələrindən keçirlər, gəlirlər və burada cürbəcür cinayətkar işlərini törətməyə çalışırlar və bəzən də təəssüf ki, görürlər.

Sizə məlumdur ki, təxminən son bir ay içərisində Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bir neçə belə qruplar, dəstələr yaxalanıblar, həbs ediliblər, məsuliyyətə cəlb olunublar. Onların bir çoxu artıq etiraf edirlər ki, bu cinayət əməllərini həyata keçirmək üçün başqa ölkələrə gediblər, başqa ölkələrdən gəliblər, ayrı-ayrı sərhəd keçid məntəqələrindən keçiblər. Bunlar hamısı bir tərəfdən, sərhədlərimizin etibarlı qorunmasının bizim üçün nə qədər vacib olmasını göstərir, ikinci tərəfdən bizim sərhəd dəstələrinin, Sərhəd Qoşunlarının işində ciddi nöqsanları, çatışmazlıqları göstərir.

Ona görə də bu gün biz Sərhəd Qoşunlarının yaranmasının beşinci ildönümünü qeyd edərkən açıq-aydın dərk etməliyik ki, bu qoşunların, qarşısında çox böyük, Azərbaycanın dövlətçiliyini qorumaq üçün çox əhəmiyyətli, vacib vəzifələr durur. Təəssüflər olsun ki, bu qoşunların, bu dəstələrin işində çox nöqsanlar da var. Ümid edirəm ki, siz bu beş illik təcrübədən istifadə edərək, Sərhəd Qoşunlarına xalqımız tərəfindən göstərilən qayğıya və diqqətə, dövlətimizin Sərhəd Qoşunlarına göstərdiyi qayğıya və diqqətə cavab olaraq fəaliyyətinizi daha da səmərəli edəcəksiniz və işinizdə olan nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görəcəksiniz.

Eyni zamanda Sərhəd Qoşunlarının fəaliyyətinin müvəffəqiyyətli olması üçün bu qoşunlara kömək etmək lazımdır. Mən Azərbaycanın Prezidenti kimi, Sərhəd Qoşunlarının istənilən səviyyədə fəaliyyət göstərməsi üçün indiyə qədər lazımi tədbirlər görmüşəm və bundan sonra da görəcəyəm. Sərhəd Qoşunlarının, sərhəd dəstələrinin maddi-texniki bazasının yaranması, inkişaf etdirilməsi üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Sərhəd Qoşunlarında xidmət edən Azərbaycan vətəndaşlarına – əsgərlərə, zabitlərə də lazımi qayğı indiyə kimi göstərilib, bundan sonra da göstəriləcəkdir.

Eyni zamanda hesab edirəm ki, gərək bizim xalqımız, cəmiyyətmiz, ictimaiyyətimiz də Sərhəd Qoşunlarına bundan sonra daha çox qayğı göstərsinlər, kömək etsinlər. Keçmiş zamanların yaxşı bir ənənəsi də var. Keçmişdə, Sovetlər İttifaqı dövründə Sərhəd Qoşunlarına, adətən, ayrı-ayrı böyük təşkilatlar hamilik, kömək edirdilər. Xüsusən onlar üçün yaşayış binaları yaratmaq, onların maddi-texniki bazasını gücləndirmək və başqa məsələlər üçün çox işlər görülürdü. Azərbaycanda belə işlər çox görülübdür və mən keçmişdə bunların həm şahidi, həm də iştirakçısı olmuşam. Bilirəm, nə etmək olar. Vaxtilə Sovetlər İttifaqının Sərhəd Qoşunları birbaşa mərkəzdən maliyyələşdirilirdi və bütün sahələrdə təmin edilirdi. Sərhəd Qoşunları yerli orqanlara tabe olmurdu. Lakin yerli hakimiyyət orqanları ilə Sərhəd Qoşunları arasında sıx münasibətlər var idi. Bu münasibətlər də Sərhəd Qoşunlarına daha da kömək etməklə və sərhədlərimizin qorunması üçün yerli hakimiyyət orqanları tərəfindən lazımi tədbirlər görülməsi ilə əlaqədar idi.

Ancaq bununla yanaşı – bunu bizim sərhədçi veteranlarımız yaxşı bilirlər – vaxtilə Azərbaycan Respublikasının rəhbərliyi öz daxili imkanlarından istifadə edərək, Azərbaycanın ərazisində yerləşən sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün çox işlər görübdür. Məsələn, Naxçıvanda olan böyük sərhəd dəstəsinin binasının – onun gözəl binası var, maddi-texniki bazası var – o binanın tikilməsi üçün Azərbaycan Respublikası öz vəsaitindən nə qədər pul və ayrı-ayrı başqa vəsaitlər ayırmışdı və ondan istifadə edirdi. Orada sərhəd dəstəsi üçün binalar, yaşayış evləri tikilirdi. Eləcə də Prişibdə, Lənkəranda, başqa yerlərdə o vaxtlar ayrı-ayrı zastavaları hamiliyə götürürdülər, onlara kömək edirdilər. Bunların hamısı sınaqdan çıxmış təcrübələrdir. Hesab edirəm ki, biz bu ənənələrdən də səmərəli istifadə etməliyik.

Ona görə də mən Azərbaycanda imkanı olan təşkilatları bu işə dəvət edirəm. Yerli hakimiyyət orqanlarını sərhəd dəstələrinin yaşayış yerlərini abadlaşdırmaq üçün, maddi –texniki bazasının imkanlarını genişləndirmək üçün onlara kömək etməyə dəvət edirəm. Bu sahədə də müəyyən təcrübə var. Mən keçən ay Naxçıvanda olarkən sərhəd dəstəsinə getdim, orada sərhədçilərlə görüşdüm. Sərhədçilərlə görüş zamanı, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüş zamanı mənə məlum oldu ki, yerli hakimiyyət orqanının – Naxçıvan Ali Məclisinin təşəbbüsü ilə sərhəd dəstəsini ərzaq, yanacaq və başqa şeylərlə təmin etmək üçün orada çox kömək olunur. Mən orada sərhəd dəstəsini çox yaxşı vəziyyətdə gördüm. Bu məni çox sevindirdi.

Sərhədçilər də çox işlər görə bilərlər. Bu da bizə keçmiş təcrübədən məlumdur. Sərhədi yaxşı qorumaqla yanaşı, sərhəd boyu torpaqlardan səmərəli istifadə etmək olar. Qabaqda qışdır, sonra yaz gələcək. Əkin əkmək, mal-qara saxlamaq, təsərrüfatlar yaratmaq olar. Zastavalarda çox yaxşı təsərrüfatlar yaratmaq mümkündür. Bunlar bizim sərhədçilərin ərzaqla təmin olunması üçün yardımçı təsərrüfat kimi çox iş görə bilərlər. Bunları etmək lazımdır. Bunları sərhədçilər özləri etməlidirlər. Eyni zamanda bizim yerli hakimiyyət orqanları, yerli icra orqanları bu işə qoşulmalıdırlar, kömək etməlidirlər və birgə fəaliyyət göstərməlidirlər. Yenə deyirəm, mənim bu yaxın vaxtlarda Naxçıvanda gördüyüm təcrübə, hesab edirəm, bütün başqa sərhəd bölgələrinə də yayılmalıdır. Hər bir yerdə yerli hakimiyyət orqanları ilə sərhəd dəstələrinin komandirləri, zabitləri sağlam əməkdaşlıq edə bilsələr, çox iş görə bilərlər. Təkcə ərzaq təminatında yox, başqa məsələlərdə də.

Bilirsiniz ki, 1989-cu ilin sonunda Azərbaycanda gedən ictimai-siyasi proseslər nəticəsində bəzi qüvvələr, dəstələr tərəfindən Azərbaycanla İran və Türkiyə arasındakı sərhəddə mühəndis-texniki qurğuların çoxu dağılıbdır. O vaxtlar insanlar çox ehtiraslı, həyəcanlı olduqlarına görə və ümumiyyətlə, mərkəzi dövlət tərəfindən Azərbaycana qarşı çox ədalətsizliklər edildiyinə görə, Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyindən olan narazılığa görə belə hərəkətlər ediblər və sərhəd boyu güclü mühəndis-texniki qurğular dağılıbdır.

Bəlkə də o vaxt bu hadisələr müsbət xarakter daşıyırdı. Çünki xalqımız istəyirdi ki, azad olsun, bu simli sərhədlərdən xilas olsun. Məsələn, Arazın o tayındakı bacı-qardaşlarımızla sərbəst əlaqəmiz olsun. Bunları da anlamaq lazımdır. Hər şeyə tarixi dövrün hökmü ilə qiymət vermək lazımdır. Ancaq nəticə etibarilə bunlar bizim indiki müstəqil dövlətimiz üçün böyük zərər vurub. Mənə yaxşı məlumdur, burada iştirak edən sərhədçilər, o illərdə sərhəddə xidmət edənlər bilirlər ki, o vaxt Azərbaycanın, Sovetlər İttifaqının sərhədlərini qorumaq üçün nə qədər güclü texniki vasitələr yaradılmışdır. Əgər onlar qorunub saxlansaydı, indi bu vasitələr bizim sərhədlərimizin qorunması üçün çox gərəkli, lazımlı olardı. Onları o vaxt dağıdıblar.

Ancaq yenə də Naxçıvanda mənə məlumat verdilər ki, onlar – həm yerli hakimiyyət orqanları, həm də sərhəd dəstələri öz imkanlarından istifadə edərək, bir çox yerlərdə o mühəndis-texniki qurğuları bərpa ediblər, beləliklə də, sərhədin qorunmasında lazımi nizam-intizam yarada biliblər.

Bilirsiniz, respublikamızda 1990-cı ildən hərcmərclik, özbaşınalıq olduğuna görə, nizam-intizam, qanun-qayda pozulduğuna görə çox cinayətlər ediblər. Məsələn, mən 1991-92-ci illərdə Naxçıvanda yaşayarkən, işləyərkən, hətta 1993-cü ildə buraya gələnə qədər məlumatlar alırdıq, bilirdik ki, bizim mal-qaranı Arazdan o tərəfə keçirib çox ucuz qiymətə satırdılar. O tərəfdən bu tərəfə keçib qaçaqmalçılıqla məşğul olurdular. Belə şeylər olurdu. Təəssüflər olsun ki, o vaxt bizim sərhəd dəstələri bəzi yaramaz adamların, cinayətkar ünsürlərin əlinə keçdiyinə görə onların özləri guya sərhədçi olaraq, sərhədi qoruyaraq, eyni zamanda bu sərhədlərdə cürbəcür cinayətkar niyyətlərini həyata keçirirdilər, qaçaqmalçılıqla, başqa təxribat işləri ilə məşğul olurdular. Allaha şükürlər olsun ki, bunlar tədricən aradan götürülüb. Siz təsəvvür edin, 1992-1993-cü illərdə sərhədlərin vəziyyəti ilə bugünkü vəziyyəti müqayisə edin. Xatırlayın, o vaxt vəziyyət nə cür idi. O vaxt sərhəd yox dərəcəsində idi, kim haradan istəyirdi, oradan da keçirdi. İndi bu sahədə vəziyyət xeyli yaxşılaşıbdır, nizam-intizam yaranıbdır. Ancaq tam həqiqi sərhədqoruma nizam-intizamı yaratmaq və sərhəddə bütün vasitələrdən səmərəli istifadə üçün hələ çox işlər görülməlidir. Ona görə də siz gərək keçmişdə baş vermiş bu bəlaları təhlil edərək, onlardan nəticə çıxarasınız, buraxılmış nöqsanlardan nəticə çıxarasınız, eyni zamanda bu son illər əldə olunmuş təcrübədən, nailiyyətlərdən istifadə edəsiniz, müsbət təcrübəni yaya biləsiniz ki, sərhədlərimiz etibarlı qorunsun və biz dövlət müstəqilliyimizi günbəgün, aybaay, ilbəil gücləndirə bilək.

Bizim hər bir vətəndaşımızdan yüksək mənəviyyat tələb olunur. Biz dərk etməliyik ki, anlamalıyıq ki, xoşbəxt olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Bunu qiymətləndirmək, qorumaq, möhkəmləndirmək, gücləndirmək lazımdır. Bunun üçün əsas şərtlərdən biri insanlarda yüksək mənəvi kefiyyətləri tərbiyə etmək, inkişaf etdirmək, insanlarımızda, cəmiyyətimizdə yüksək mənəviyyatı təmin etməkdir. Təəssüf ki, bu sahədə bizim həyatımızda böyük nöqsanlar, çatışmazlıqlar, bizi narahat edən hallar var. Rüşvətxorluq, dövlətin, xalqın, millətin malını dağıtmaq, qarət etmək, vəzifədən sui-istifadə etmək, korrupsiya, cəmiyyətimizi zəhərləyən cürbəcür belə hallar mövcuddur. Təəssüflər olsun ki, bunlar Silahlı Qüvvələrimizə də sirayət edibdir. Təəssüflər olsun ki, bunlar bizim sərhəd dəstələrinə də sirayət edibdir. Sərhəd dəstələrində də belə cinayətkar, mənəviyyatsız adamlar var. Onlar tutduğu vəzifədən, yerdən, durduğu sərhəd nöqtəsindən şəxsi mənafeyi üçün istifadə edərək dövlətin, xalqın mənafeyinə zərbələr vururlar. Bunlarla kəskin mübarizə aparmaq lazımdır. Sərhəd dəstələrində bu hallarla ən ciddi mübarizə aparılmalıdır.

Sərhədçi böyük, romantik peşədir. Mən sərhədçilərin tarixini yaxşı bilirəm. Çünki özüm də keçmişdə sərhədçi olmuşam. Azərbaycanın sərhədlərində bəlkə də elə nöqtə yoxdur ki, mən orada olmayım. Vaxtilə, gənc yaşlarımda xidmət etmişəm, çox yerlərə piyada getmişəm, çox yerlərə at üstündə getmişəm, bizim gözəl təbiəti sərhədlərimizdə görmüşəm. Eyni zamanda sərhədlərimizlə həmişə fəxr etmişəm. Mən sərhədi yaxşı bilirəm, sərhədin nə qədər romantik yer olduğunu bilirəm, bu peşənin də çox romantik, cazibədar peşə olduğunu bilirəm.

Keçmişdə çox gözəl bir ənənə var idi. Bu ənənəni indi də yaratmaq lazımdır. Sərhədçi bilməlidir ki, bu gözəl peşədir. Əgər bir insan özünü sərhədçi peşəsinə həsr edirsə, cəmiyyətdə özünəməxsus böyük bir yer tutur. Keçmişdə insanlar var idi ki, daim sərhəddə yaşayırdılar və bununla fəxr edirdilər. Məsələn, bu yaşıl papaqları keçmişdə gənclər nə qədər iftixar hissi ilə daşıyırdılar! Bu gün də biz çalışmalıyıq ki, yaşıl papaqlar hər bir gəncdə, hər bir yeniyetmə azərbaycanlıda iftixar hissi doğursun, onları cəzb etsin və biz sərhədçi peşəsini yaşadaq, inkişaf etdirək. Çünki bizim qarşımızda on illər, yüz illər var. Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır.

Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də o sərhədləri qorumaq lazım olacaqdır. Şübhəsiz, dünyada elə bir əminamanlıq dövrü gələcək ki, bəlkə də sərhədləri qorumaq lazım olmayacaqdır. İnsanlar elə bir səviyyəyə gəlib çatacaqlar, dövlətlərarası münasibətlər elə bir yüksək, sivilizasiyalı səviyyəyə gəlib çatacaqdır ki, bəlkə bunlara ehtiyac olmayacaqdır. Ancaq o səviyyəyə çatmaq üçün də nizam-intizamı möhkəmləndirmək, sərhədlərimizi hər yerdə həkk etmək, nümayiş etdirmək, tanıtmaq, qorumaq lazımdır.

Bax, bunlara görə də sərhədçi peşəsi gözəl peşədir. Sərhədçi peşəsi yüksək qiymətə layiq olan bir peşədir. Hər bir gənc, hər bir insan özünü sərhədçi peşəsinə həsr edirsə, axıra qədər həsr etməlidir. Belə olan halda o, cəmiyyətdə özünə layiq yer tutur, belə olan halda hər bir sərhədçi cəmiyyətdə çox hörmətli bir insan olur. Mən arzu edirəm ki, bizim sərhədçilərimiz belə hörmətə malik olsunlar, belə hörmətə layiq olsunlar, hər bir sərhədçi yüksək mənəviyyatlı bir insan olsun. Bu arzularla, bu istəklərlə mən sizin hamınızı bir daha təbrik edirəm, sizə, bütün sərhədçilərə cansağlığı, səadət arzulayıram. Müstəqil Azərbaycanın sərhədlərinin etibarlı qorunmasında sizə uğurlar arzulayıram. Sağ olun.