Ulu Öndər Heydər Əliyev / Ulu Öndərin Naxçivan sərhəd dəstəsinin əsgər və zabitləri ilə görüşdə çixişi
(30 oktyabr 1996-cı il)

Əziz sərhədçilər, əziz əsgərlər, zabitlər, müstəqil Azərbaycan Respublikasının sərhədlərini qoruyan, keşiyində duran döyüşçülər!

Sizi səmimi qəlbdən salamlayıram. Sizin simanızda Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının şəxsi heyətini, əsgərlərini, zabitlərini salamlayır, bu şərəfli işinizdə sizə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır.

Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sərhədi var. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası bir tərəfdən Ermənistan ərazisi ilə böyük sərhədə malikdir. Eyni zamanda burada Naxçıvan Muxtar Respublikasının qonşu və dost ölkələrlə – İran və Türkiyə ilə böyük sərhədi var. Bu sərhədləri qorumaq üçün sərhəd dəstələri yaradılıb və bunlardan biri də Naxçıvan sərhəd dəstəsidir. Bu sərhəd dəstəsi hələ 1920-ci ildən fəaliyyət göstərən, keçmiş Sovetlər İttifaqına mənsub olan 41 nömrəli Naxçıvan sərhəd dəstəsinin maddi-texniki bazası əsasında yaradılmışdır.

Mən bu sərhəd dəstəsini yaxşı tanıyıram. Gənc ikən, Naxçıvanda oxuyarkən sərhədçilərə çox maraq göstərər və bəzən bu sərhəd dəstəsinin ayrı-ayrı hissələrinə gedərdim. Sonra Azərbaycanın rəhbəri işləyərkən respublikanın sərhədlərində olanda mütləq sərhəd dəstələrinə baş çəkərdim. Naxçıvan sərhəd dəstəsində də dəfələrlə olmuşdum. Sərhəd dəstəsinin, onun qərargahının məhz burada yerləşməsi və bu binaların tikilməsi, böyük bir şəhərciyin yaranması da o vaxt mənim bilavasitə iştirakımla olmuşdur. Hətta, bu şəhərciyi yaratmaq üçün Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayırmışdıq və bu binaların, kompleksin yaranmasına nəinki kömək etmişdik, demək olar, onu özümüz yaratmışdıq.

Ancaq burada yerləşən sərhəd dəstəsi Sovetlər İttifaqının Sərhəd Qoşunlarının dəstəsi idi. Şübhəsiz ki, o, birbaşa Moskvaya tabe idi və biz də onlarla əməkdaşlıq edirdik.

Azərbaycan öz müstəqil yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən, burada Azərbaycanın ərazisindən ayrı düşmüş və o illərdə, elə indi də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. Sovetlər İttifaqına mənsub olan sərhəd dəstələri o vaxt, 1992-ci ildə Rusiyanın sərəncamına keçmişdi. Azərbaycanın payını almaq üçün, bu əmlakın müstəqil Azərbaycanın ixtiyarına verilməsi üçün çox cəhdlər göstərilirdi. O vaxt Azərbaycan prezidenti fərman vermişdi ki, sərhəd dəstələrinin əmlakı bölünsün: 50 faizi Rusiya Federasiyasının, 50 faizi isə Azərbaycan Respublikasının sərəncamına verilsin.

Ancaq mən burada bununla razı olmadım. Bilirsiniz ki, o vaxt Naxçıvan Muxtar Respublikası müstəqil siyasət aparırdı və bu da ona görə idi ki, Azərbaycan Respublikasının o zamankı rəhbərliyi ölkənin mənafelərini qorumağa qadir deyildi. Ona görə də burada, Naxçıvanda Azərbaycanın mənafelərini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idim. Mən Azərbaycan prezidentinin verdiyi fərmanla razı olmadım, Rusiya Federasiyası ilə danışıqlar apardım və nəhayət, o vaxt burada yerləşmiş, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, sonra Rusiya Federasiyasının sərəncamında olan 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı – həm bu qərargahda yerləşən, həm də sərhəd boyu zastavalarda, komendaturalarda olan bütün qurğular, silahlar, sursatlar, ləvazimatlar, texnika Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi.

Böyük danışıqlardan, gərgin mübarizədən sonra buna nail olmaq mümkün oldu. Xatirimdədir, burada, bax bu meydanda, həmin o ağ binada qərargah rəisinin otağında biz sərhəd dəstəsinin Naxçıvan Muxtar Respublikasına təhvil verilməsi haqqında sənədlər imzaladıq. Beləliklə, bu dəstə son tüfənginə, tapançasına, avtomobilinə qədər Naxçıvan Muxtar Respublikasının, demək, Azərbaycan Respublikasının sərəncamına keçdi. Bu, bizim tariximizdə çox mühüm hadisədir və bu gün fürsətdən istifadə edib bunu yada salıram.

Ancaq ondan sonra bu dəstənin başına bəlalar da gətirdilər. Azərbaycanın o vaxtkı rəhbərliyi bizim iradəmizə zidd olaraq, bu dəstənin başına yaramaz bir adamı qoydu. Burada olan əmlakın çoxunu dağıtdılar, satdılar, pozdular və quruculuq işi əvəzinə, müstəqil Azərbaycanın sərhəd dəstələrinin yaradılması əvəzinə dağıdıcılıq işi getdi, sözün əsl mənasında quldurluq işi getdi.

Bu gün etiraf etməliyəm ki, o vaxt mən burada Naxçıvan Muxtar Respublikasının başçısı olmağıma, şübhəsiz ki, həm burada, həm də bütün Azərbaycanda müəyyən qədər tanınmağıma baxmayaraq, onlar o qədər azğın, yaramaz mövqelər tuturdular ki, mənə də tabe olmur, quldurluqla, cürbəcür yaramaz işlərlə məşğul olurdular. Sağ-salamat, necə deyərlər, son iynəsinə, çöpünə qədər Rusiya Federasiyasının əlindən aldığımız əmlakın, sursatın bir hissəsi, təəssüflər olsun ki, sonra dağıdıldı. Ancaq bu da çox çəkmədi. 1993-cü ildə Azərbaycanda vəziyyət dəyişiləndən, xalq məni Azərbaycanın prezidenti seçəndən sonra mən burada vəziyyəti normallaşdırmaq üçün dərhal sərəncamlar, göstərişlər verdim. Daim bura ilə maraqlanıram, vəziyyəti bilirəm, mənə məlumdur. Bu gün də görürəm ki, Azərbaycanın Naxçıvanda yerləşən sərhəd dəstəsi keçmişdə olduğu səviyyədən də bəlkə yüksəklərə qalxıbdır. Çünki yenə deyirəm, buralarda çox olmuşam. Keçmişdə Sovetlər İttifaqı vaxtında bax, indi durduğum bu yerdə dayanmışam. O vaxtlar Sovetlər İttifaqının əsgərləri, zabitləri ilə görüşmüşəm, bu binaları, zastavaları, komendaturaları gəzmişəm, sərhədi qarış-qarış keçmişəm, hamısını bilirəm. Ona görə də burada nə olmuşdu, biz nəyi aldıq, yəni Azərbaycanın sərəncamına keçirdik, nəyi dağıtdılar, sonra da nəyi bərpa etdik – hamısını bilirəm.

Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov burada çox işlər görübdür. Sərhəd dəstəsinin komandiri çox iş görübdür, layiqli, gənc komandirdir. Sizin hamınız – zabit heyəti, şəxsi heyət çox iş görmüş, burada yararlı sərhəd dəstəsi yaratmısınız. Gördüyünüz bu işlərə görə sizə təşəkkür edir və əmin olduğumu bildirmək istəyirəm ki, əldə etdiyiniz nailiyyətləri daha da artıracaq, burada Azərbaycanın sərhəd qoşunlarının böyük bir dəstəsini nümunəvi dəstəyə çevirəcək və respublikamızın sərhədlərini etibarlı müdafiə edəcək, qoruyacaqsınız. Mən buna əminəm. Çünki əminəm ki, hər bir Azərbaycan vətəndaşı yaxşı bilir – Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir. Siz şərəfli xidmətdəsiniz və əmin olduğumu bildirmək istəyirəm ki, bunu layiqincə həyata keçirəcəksiniz.

Sizin hamınıza cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, təcrübənizi, biliyinizi gündən-günə artıracaq, sərhədləri möhkəmləndirəcəksiniz. Sərhədi qorumaq peşədir. Bunun xüsusi metodları, üsulu var və əmin olduğumu bildirmək istəyirəm ki, buna nail olacaqsınız. Sizin burada son vaxtlar gördüyünüz işdən məmnun qaldığımı bildirmək istəyir və bu işlərinizdə gələcəkdə də uğurlar diləyirəm.

Naxçıvan Muxtar Respublikasında sərhəd dəstəsinin komandiri daim yüksək rütbəli, polkovnik rütbəsində olubdur. İndi sizin sərhəd dəstəsinin komandiri gəncdir, ancaq qısa müddət ərzində çox işlər görüb, rütbəsi də mayordur. Sərhəd dəstəsinin komandiri bu dəqiqədən polkovnik-leytenant rütbəsi alır. Ümidvaram ki, o, bu mükafata layiqli işi ilə cavab verəcəkdir. Sizə bir daha cansağlığı, işinizdə uğurlar arzulayıram. Sağ olun.