Azərbaycanın tarixi sərhədlərinin yaranması və formalaşması (ən qədim zamanlardan 1918-ci ilə qədər)
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarixə və mədəniyyətə malik diyarı olmaqla bərabər, həm də ən qədim dövlətçilik tarixi olan bir ölkəsidir. Bu ərazidə insanın məskən salması 2,5 mln. illik bir dövrü əhatə edir. Azərbaycan ərazisində tarixin bütün mərhələlərinin minilliklərlə hesablanan izi vardır. Azərbaycan ərazisində yaşayan əhali barədə ilk mənbələr miladdan əvvəl III minilliyin II yarısına aid edilir. Bu dövrə aid Şumer-Akkad mənbələrində Azərbaycan və onunla qonşu olan vilayətlərdə baş vermiş müharibələr, siyasi hadisələr, burada yaşamış tayfaların adları və s. haqqında məlumatlar verilir. Cənubi Azərbaycanda və ona bitişik olan ərazilərdə yaşamış tayfalar haqqında ilkin yazılı mənbələr miladdan əvvəl XXIII əsrə aiddir. Mənbələrdə kutilər, lullubilər, hurrilər və başqaları haqqında məlumatlar vardır. Azərbaycan və onunla qonşu olan ərazilərdə yaşayan tayfalar arasında mövcud olan münasibətlər və onların tez-tez müharibələrlə müşayiət olunması ilk növbədə yeni ərazilərin ələ keçirilməsi səbəbi ilə izah olunur. Mənbələr miladdan əvvəl XXIII əsrin son rübündə qədim Azərbaycanın ən güclü tayfalarından olan kutilərin başçısı Enridavazirin Mesopotamiyaya hücum etməsi və Akkad qoşunlarını məğlub edərək, bu ölkənin cənubuna gəlməsi və burada özünü «dünyanın dörd ölkəsinin hökmdarı» elan etməsi haqqında məlumatlar verir. Kuti hökmdarının əmri ilə buna dair böyük bir kitab da tərtib edilmişdi.

Azərbaycan ərazisində sinifli cəmiyyətin yaranması prosesi onun şimalı ilə müqayisədə cənubunda daha erkən baş vermiş və burada ilk dövlət qurumu meydana gəlmişdir. Bu, miladdan əvvəl adı ilk dəfə Asur-Urartu mənbələrində və İncildə (Bibliyada) çəkilən Manna dövlətidir. Manna dövləti miladdan əvvəl 843-cü ildə yaranmış və miladdan əvvəl 593-cü ilə qədər mövcud olmuşdur. Bu dövlət Lullubini adlanan Böyük Zamua vilayətinin bir hissəsində olan Daxili Zamuanın ərazisində meydana gəlmişdir. Mannanın sərhədləri cənubda Diyala və Zab çaylarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə Urmiya gölünə kimi uzanırdı. Paytaxtı İzurtu şəhəri idi. Dövlətin ərazisi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünmüşdü. Miladdan əvvəl 714-cü ildə Urartu çarı I Rusanın Assur hökmdarı tərəfindən məğlub edilməsi Manna sərhədlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə yarımmüstəqil hakimlərin ucqar torpaqları da Mannaya tabe idi.

Miladdan əvvəl 593-cü ildə Midiya dövləti, miladdan əvvəl 550-ci ildə isə Haxamanişi (Əhəməni) fars imperiyası tərəfindən işğal olunan Manna ərazisində miladdan əvvəl 321-ci ildə burada canişin olan Atropat tərəfindən yenidən müstəqil dövlət yaradıldı.

Atropatena dövlətinin ərazisi əsasən müasir Cənubi Azərbaycan, bütün Şimali Azərbaycanın qərb və cənub torpaqlarını əhatə edirdi. Ölkənin Şimal sərhədləri çox vaxt Araz çayına, şərq sərhədləri Xəzər dənizinə, cənub sərhədləri isə Əlvənd dağlarına qədər olan əraziləri özündə birləşdirirdi. Ölkənin paytaxtı Qazaka şəhəri idi. Qeyd etmək lazımdır ki, qədim və antik dövrdə bütün şərq dövlətlərində olduğu kimi, Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya və Atropatena dövlətlərinin sərhədləri müasir dövrdən fərqli olaraq daimi xarakter daşımırdı. Bunu həmin dövrlərə dair qədim mixi və digər yazılı mənbələr də təsdiq edir. Manna, Midiya və Atropatena ərazilərində kifayət qədər inkişaf etmiş şəhər həyatı mövcud olmuşdur. Bu şəhərlər əsasən hündür qala divarları ilə əhatə edilir və divarlar üzərində tikilmiş gözətçi qüllələri vasitəsi ilə mühafizə olunurdu. Atropatenada Vera, Qaleye-Sasan, Qaleye-Navduz, Ərdəbil şəhərindən 30 km şimal-qərbdə Qala və s. istehkamlar da var idi. Atropatena orta fars (pəhləvi) abidələrində Adurbadağan («odun himayəsində olan ölkə») adlanır. Miladdan sonra 226-cı ildə Atropatena İranda hakimiyyəti ələ keçirmiş Sasanilər tərəfindən işğal edilir və onun əyalətlərindən birinə çevrilir. Atropatena Sasani imperiyasının «İran olmayan» 27 ölkəsindən biri idi. Sasani hökmdarı I Xosrov Ənuşirəvanın 552-ci ildə imperiya ərazisində apardığı ərazi-inzibati islahatı nəticəsində Adurbadağan (Azərbaycan) dövlətin 4 iri canişinliyindən (kustundan) birinə çevrildi. Azərbaycan kustu adlanan bu kusta indiki Cənubi və Şimali Azərbaycan əraziləri də daxil idi. Bu dövrdə Azərbaycanın bir vilayət kimi hüdudları şimalda Dərbənd şəhərinə, cənubda Zəncan şəhəri və Dilavər düzünə qədər uzanır, Xilvan düzü və Şəhrəzurdan keçərək, qərbdə Dəclə çayına qovuşan əraziyə qədər çatırdı.

Azərbaycanın tarixi əraziləri içərisində Qafqaz Albaniyasının bütün əraziləri xüsusi yer tutur. Yunan alimləri Herodotun (miladdan əvvəl 480-425) «Tarix», Strabonun (miladdan əvvəl 64- miladdan sonra 24) «Coğrafiya», Böyük Pilinin (23-79) «Təbiət tarixi», Plutarxın (45-127) «Paralel tərcümeyi-hallar», Pomponi Melanın (I əsrin I yarısı) «Yerin təsviri», digər antik və ilk orta əsr müəlliflərinin əsərlərində bu ərazilər haqqında məlumatlar geniş şəkildə verilir. Bu mənbələrə görə, Qafqaz Albaniyası Qafqaz sıra dağlarının şimal-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırlı çayından Xəzər dənizinə qədər olan sahələri, Mil və Muğan düzlərini əhatə edirdi. Onun şimal sərhədləri Böyük Qafqaza, Samur sıra dağlarının şimal ətəklərinə, şimal-qərbdə İori və Alazan çaylarının yuxarı axarına, şimal-şərqdə isə müasir Dərbəndin şimalına qədər gedib çatırdı. Dövlətin cənub sərhədləri əksər vaxtlarda (I-VII əsrlərdə) Araz çayı boyunca uzanmış və cənub-şərqdə Kaspianiananın cənub tərəfindən keçmişdir. Miladdan əvvəl II-I əsrlərdə Albaniyanın bütün sərhədləri sabit qalsa da, cənub-şərqdə sərhədlər daralır. Sonrakı dövrlərdə Qafqaz Albaniyasının sərhədləri yenidən əvvəlki kimi bərqərar olur və dövlətin süqutuna kimi əsaslı dəyişikliklərə uğramır. Antik dövrdə və ilk orta əsrlərdə Şimali Azərbaycan torpaqlarında (Naxçıvan və onunla qonşu olan əraziləri çıxmaq şərtilə) mövcud olan Albaniya dövlətinin paytaxtı əvvəlcə Qəbələ (miladdan əvvəl III – miladdan sonra IV əsr) sonra isə Kür çayının sağ sahilində yerləşən Bərdə şəhəri olmuşdur.

630-cu ildə yaranmış Ərəb Xilafəti xəlifə Ömərin dövründə geniş miqyaslı işğalçı müharibələrə başladı. 637-ci ildə Sasani imperiyası ərazilərinə hücum edən ərəblər Ktesifon (Mədain) döyüşündə sasanilərə qalib gəldilər. 637-705-ci illər ərzində ərəblər Azərbaycanın da daxil olduğu Sasani imperiyası ərazilərini işğal edərək, onu xilafətin əyalətlərindən birinə çevirdilər. Ərəb işğalından sonra Qafqaz bölgəsindəki ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlanılsa da, onlar inzibati cəhətdən dəyişikliyə uğradılar. İlk vaxtlarda bütün Azərbaycan ərazisi gənc Ərəb xilafətinin 5 vilayətindən birini təşkil edirdi.

Ərəb xilafəti sərhədləri daxilində vahid Azərbaycan ərazisi təşəkkül tapmağa başladı və tədricən möhkəmləndi. «Atropatena» istilahından təşəkkül tapmış «Azərbaycan» məfhumu yarandı. Albaniya istilahı isə tədricən unuduldu. Onun ərazisi vahid Azərbaycan tərkibində Arran, Şirvan və Muğan vilayətləri kimi tanınmağa başlandı.

Ərəb xilafəti tərkibində vahid Azərbaycan ərazisi şimalda Dərbənd torpaqlarını, cənubda Zəncan ərazisini əhatə edərək Həmədana kimi uzanır, şərq sərhədləri Xəzər dənizi və Deyləm ərazisi, qərb sərhədləri əl-Cəzirə, Bizans və Gürcüstan əraziləri ilə hüdudlanırdı. Göyçə mahalı və Tiflisə qədər olan ərazilər Azərbaycana daxil idi. Ərəblər Sasanilərin mərzbanlıqlarına bənzər əmirliklər sistemi yaratdılar. Əvvəlcə 5 əmirlik təşkil olundu və Azərbaycan 4-cü əmirliyin tərkibinə daxil edildi. Əməvilər dövründə edilən ərazi-inzibati dəyişikliyi nəticəsində isə Azərbaycan əl-Cəzirə adlanan 3-cü əmirliyin tərkibinə qatıldı. Abbasilər sülaləsi dövründə vahid Azərbaycan ərazisi 5 hissəyə – Azərbaycan, Arran, Muğan, Şirvan və Şəki mahallarına bölünmüşdü.

İstər Sasanilər imperiyası, istərsə də Ərəb xilafəti dövründə Azərbaycan ərazisinin qərb və şimal sərhədləri hər iki imperiyanın əsgərləri tərəfindən mühafizə olunurdu. Sasani hökmdarları imperiyanın şimal sərhədlərini qorumaq üçün Dərbənd şəhərini şimaldan ola biləcək hücum təhlükələrindən qoruyan bir neçə sədd tikdirmişdilər. Xilafətin Şimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan «Qapılar qapısı» Bab-ül-Əbvab (Dərbənd) Albaniyanın ikinci böyük şəhəri idi. Ərəb xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, onun azad şəhər statusunu saxladılar. Şəhəri əmirlər və ya rəislər şurası idarə etməyə başladı. Hələ 736-cı ildə xəlifə Hişamın dövründə Əsəd Zafir başda olmaqla Dərbəndə göndərilmiş 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu. Şəhərin idarəçiliyinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafizəsini təşkil etməli, qanun-qayda və təmizliyi gözləməli oldu. Ərəb xilafətinin işğalı dövründə sərhədlərin qorunması üçün hərbi xidmət müqabilində ikta adlanan torpaq payı verilirdi. Bundan əlavə, ərəblər ölkənin hərbi-strateji əhəmiyyət kəsb edən bölgələrində pabatlar adlanan qalalar tikdirir və burada hərbi qarnizonlar yerləşdirirdilər. Bunlar həm də mühafizə funksiyasını daşıyırdı.

VIII əsrin sonu – IX əsrin birinci yarısında Azərbaycanda Ərəb xilafətinə qarşı Babəkin başçılığı ilə genişlənən xürrəmilər hərəkatı onu kökündən sarsıtdı və bu ərazidə 861-ci ildə ilk müstəqil dövlət – Azərbaycan Şirvanşahlar dövləti yarandı. Şirvanşahlar dövlətinin ərazisi Kür çayının sol sahillərini əhatə edirdi. Dövlətin sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdu. Lakin onun əraziləri müxtəlif dövrlərdə genişlənmişdir. Paytaxtı Şamaxı şəhəri, 1192-ci ildən isə qış iqamətgahı kimi Bakı şəhəri olmuşdur. Şirvanşahlar dövləti 1538-ci ildə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə qatılmışdır.

IX əsrin II yarısında Azərbaycan ərazisində yaranan Sacilər dövlətinin (879-941) ərazisi qərbdə Ani və Dvin şəhərlərindən şərqdə Xəzər dənizinə kimi uzanırdı. Şimalda Dərbənd, cənubda Zəncan əraziləri bu dövlətin tərkibinə daxil idi. Yusif ibn Əbu Sacın (901-927) dövründə Azərbaycan torpaqları ilk dəfə vahid dövlətin hüdudlarında birləşdirildi. Dövlətin paytaxtı Ərdəbil şəhəri oldu.

X əsrdə Azərbaycan ərazisində yaranan üçüncü dövlət Salarilər dövlətidir (941-981). Dövlətin ərazisi şimalda Qafqaz sıra dağlarından cənub-qərbdə İraq və Mesopotamiya hüdudlarına qədər uzanır, şərqdə isə Xəzərdən qərbdə olan torpaqları əhatə edirdi. Sacilər dövləti kimi, Salarilər dövləti də Azərbaycanın bütün ərazilərini özündə birləşdirirdi. X əsrin son rübü ərəfəsində Azərbaycanda tarixi-siyasi coğrafiya baxımından dəyişikliklər baş verdi. Sacilər və salarilər dövründə onun vahid dövlətin tərkibində olan ərazisində paralel dövlətlər meydana gəldi. 971-ci ildə Şəddadilər Kür və Araz çayları arasında müstəqil dövlət yaratdılar. Lakin, buna baxmayaraq, Azərbaycan coğrafi baxımdan öz vahidliyini itirməmişdi. Onun cənub sərhədləri yenə də Həmədan şəhərinə, şimal sərhədləri Dərbənd şəhərindən şimala, qərb sərhədləri isə Bizansın şərq hüdudlarına qədər uzanırdı. Şəddadilər dövləti Cənubi Qafqazda Səlcuqlarla müttəfiqlik nəticəsində ən qüdrətli dövlətlərdən birinə çevrilmişdi. Paytaxtı Gəncə şəhəri hesab olunurdu.

982-1065-ci illərdə bütün Cənubi Azərbaycan və Şimali Azərbaycanın bir hissəsi də daxil olmaqla paytaxtı Təbriz şəhəri olan Rəvvadilər dövləti mövcud olmuşdur. XI əsrin ortalarında Orta və Yaxın Şərqdə mühüm tarixi hadisə baş verdi. Orta Asiya, İran, Suriya, Kiçik Asiya və digər əraziləri özündə birləşdirən Səlcuq imperiyası meydana gəldi (1038-1167). Azərbaycan ərazisi də onun tərkibinə qatıldı və burada mövcud olan Şirvanşahlar vassal asılılığına salındı, Rəvvadilər və Şəddadilər dövlətlərinin müstəqilliklərinə tamamilə son qoyuldu. Bütün bu dövlətlərin əraziləri imperiyanın tərkibində «Azərbaycan vilayəti» kimi tanındı.

Səlcuqların fəaliyyəti nəticəsində imperiyanın tərkibində atabəylik institutu meydana gəldi. Bu institut 10 qola şaxələnirdi. Bu qollardan ən güclüsü olan Eldənizlərin başçısı Şəmsəddin Eldəniz 1136-cı ildə Azərbaycanda müstəqil Atabəy Eldənizlər dövlətini yaratdı. Bu dövlət 1225-ci ilə qədər mövcud oldu və Xarəzmşah Cəlaləddinin hərbi təcavüzü nəticəsində süqut etdi.

Atabəy Eldənizlər dövlətinin ərazisi, əsasən, Azərbaycanın cənub torpaqlarını, şimal-qərbi İran vilayətlərini və Şirvanşahlar dövlətini çıxmaq şərti ilə Şimali Azərbaycanın şimal-qərb torpaqlarını əhatə edirdi. Şirvanşahlar isə Atabəylərin vassalı idilər. Azərbaycan Atabəylər dövlətinin şimal sərhədləri Dərbənddən şimala, qərb sərhədləri şərqi Anadoluya və Gürcüstana, cənub sərhədləri Mosul atabəyliyi və Həmədan hüdudlarına, cənub-şərqdə isə Gilan və Qəzvinə kimi uzanırdı. Səlcuq imperiyası və Atabəy Eldənizlər dövləti dövründə sərhədlərin mühafizəsi üçün hərbi xidmət müqabilində uc torpaqları adlanan şərti olaraq verilən pay torpağı sistemi yaradıldı. Atabəy Eldənizlər dövrü Azərbaycanın tarixi və siyasi coğrafiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə Azərbaycan əraziləri artmış, vilayət kimi onun hüdudları genişlənmişdir.

XIII-XV əsrlərdə Azərbaycan ərazisində feodal pərakəndəliyinin hökm sürməsi və XIII əsrin 20-ci illərində istər Atabəy Eldənizlər və istərsə də Şirvanşahlar dövlətlərinin zəifləməsi nəticəsində bütün ölkə ərazisi cənub-şərqdən monqolların və xarəzmşahların, şimaldan isə qıpçaqların dağıdıcı və işğalçı hücumlarına məruz qalır. Azərbaycan ərazilərinin monqollar tərəfindən 1231-ci ildə başlanan işğalı 1239-cu ildə onun şimal şəhəri olan Dərbənd şəhərinin ələ keçirilməsi ilə başa çatır.

Azərbaycan əraziləri 1239-1256-cı illər ərzində Arqun xanının başçılıq etdiyi canişinliyin tərkibində qalır. 1256-cı ildə Azərbaycan ərazisində Hülakular (Elxanilər) dövləti təşəkkül tapır və çox geniş əraziləri özündə birləşdirir. Bu dövlətin sərhədləri Azərbaycanın tarixi ərazilərindən kənara çıxaraq Fars körfəzindən Dərbəndə, Misir hüdudlarından Amu-Dərya çayına qədər uzanırdı. Onun tərkibinə Azərbaycan, Ərəb İraqı, Əcəm İraqı, Kirman, Gürcüstan, Kiçik Asiya (Rum), Fars, Xuzistan, Xorasan və s. vilayətlər daxil idi. Ölkənin paytaxtı müəyyən dövrlərdə Marağa, Təbriz, Sultaniyyə və yenidən Təbriz şəhərləri olmuşdur. Hülakular sülaləsinin (Çobanilər) 1357-ci ildə süqutundan sonra hakimiyyəti ələ keçirən Cəlairilər dövlətinin ərazisi nisbətən kiçik idi. Bu dövrdə Azərbaycanın şimal-şərqində yerləşən Şirvanşahlar dövləti yaranmış və müstəqil dövlət kimi fəaliyyət göstərmişdir. Qeyd etmək lazımdır ki, Hülakular, Çobanilər və Cəlarilər dövlətlərinin mövcud olduğu dövrdə ölkənin sərhədlərinin mühafizəsi hərbçilər tərəfindən həyata keçirilir və bunun müqabilində onlara ikta adlanan torpaq payı verilirdi.

Xüsusi qeyd etmək olar ki, Azərbaycan XIII-XV əsrlərdə türk-monqol tayfalarının hökmran olduqları dövlətlərin mərkəzi vilayəti olmuş, bu dövlətlərin tərkibinə daxil olan ərazilər dövlətin paytaxtı rolunu oynayan Təbriz və Marağa şəhərlərindən idarə edilmişdir. Azərbaycan ərazisi həmin dövlətlərin mərkəzi vilayəti kimi, təxminən eyni vəziyyətdə qalmışdır. Həmin dövrdəki Azərbaycan ərazisi, digər dövrlərə nisbətən, daha kiçik olması ilə diqqəti cəlb edir. XIV əsr müəllifi Həmdullah Qəzvininin verdiyi məlumata görə, XIII-XV əsrlərdə Azərbaycan ərazisinin uzunluğu 95 fərsəng (təxminən-617 km), eni isə 55 fərsəng (təxminən 357 km) olub. Buradan Azərbaycanın 220-269 kv.km əraziyə malik olduğu aydınlaşır.

XIV əsrin anonim müəllifli hesab olunan «Əcaib əd-dünya» əsərində isə Arranın ərazisi barədə məlumat əks olunmuşdur. Burada Arranın uzunluğunun 40 fərsəng (təx. 260 km.), eninin 30 fərsəng (təx.195 km.) olduğu göstərilir və məlum olur ki, Arran əyaləti 50.700 kv.km əraziyə malikdir. Muğan, Şirvan əraziləri Arran ərazisindən təxminən iki dəfə artıq olmuşdur. Göstərilən mənbələrə əsasən, XIV-XV əsrlərdə Azərbaycan, Şirvan, Muğan və Arran ərazilərinin ümumi sahəsi təxminən 370.000 kv. km-ə bərabər olmuşdur. Bu ərazilərin sərhədləri: şərqdə Xəzər dənizi - Gilan vilayəti və Zəncan, cənubda Soucbulaq, Uşnuh şəhərlərinin və Ruindiz qalasının cənub istiqaməti, qərbdə Urmiya, Səlmas, Xoy, Maku, Dvin şəhərləri, Göyçə gölü - Debed çayı – Xunan qalası, şimalda Şəki mahalının qərbi və şimalı, Şirvanın şimalı – Dərbənd mahalının şərqi.

XIII-XV əsrlərdə Azərbaycan əyaləti, yəni tarixi Atropatena torpaqları, eyni zamanda, «tümən sistemi» ilə də müxtəlif inzibati-ərazi vahidlərinə bölünmüşdü. Həmdullah Qəzvini Azərbaycan əyalətinin doqquz tümənə bölündüyünü qeyd edir və onların səkkizinin adını çəkir. «Tümən» termini pul vahidi, on minlik qoşun hissəsi mənaları ilə yanaşı, həm də hərbi inzibati-ərazi vahidi kimi başa düşülür və istifadə olunurdu. Hər bir tümən müəyyən ərazini əhatə etməklə yanaşı, dövlətin hərbi hissələrinə on minlik qoşun verməli idi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri zamanında da ölkənin şimal sərhədləri Dərbənd-Şəki ərazilərinin şimalından, qərb sərhədləri Göyçə gölü, Dvin, Maku, Xoy, Səlmas, Urmiya, Uşnuh şəhərlərinin qərbindən keçirdi. Cənub və cənub-şərq sərhədləri isə əvvəlki əsrlərdəki kimi qalırdı.

Əsası 1502-ci ildə I Şah İsmayıl Səfəvi tərəfindən qoyulan Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. Azərbaycan dövlətinin cənub sərhədləri İran körfəzindən, şimal sərhədləri Dərbənd mahalınıın şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Dövlətin paytaxtları müxtəlif dövrlərdə Təbriz (1501-1549), Qəzvin (1549-1598) və İsfahan (1598-1722) şəhərləri olmuşdur.

Səfəvilər dövründə bütün Azərbaycan əraziləri ikinci dəfə vahid dövlətin tərkibində birləşdirildi. Qeyd etmək lazımdır ki, Azərbaycan əraziləri ən geniş miqyasda Səfəvilər dövlətinin mərkəz vilayətləri olmuşdur. Təxmini hesablamalar Səfəvilər dövründə Azərbaycan ərazilərinin 400.000 kv.km-dən artıq olduğunu deməyə imkan verir.

Səfəvilər dövləti ərazi-inzibati baxımdan 14 bəylərbəylik adlanan vilayətlərə bölünürdü. Azərbaycan ərazisi 4 bəylərbəyikdən - Təbriz, Şirvan, Qarabağ və Çuxur Səəd (və ya İrəvan) bəylərbəyliklərindən ibarət idi.

Azərbaycan Səfəvilər dövlətinin yaranması Osmanlı imperiyasının hakim dairələri tərəfindən heç də birmənalı şəkildə qarşılanmadı. Roma katolik kilsəsi və Qərbi Avropa dövlətlərini iki müsəlman türk imperiyasının mövcudluğu çox təşvişə salmışdı. Onların gələcəkdə yaxın müttəfiq olmamaları üçün diplomatik yollarla bütün vasitələrə əl atılırdı. Nəticədə islam dininin iki cərəyanının - şiəliyin səfəvilər, sünniliyin isə osmanlılar tərəfindən hakim dini dünyagörüşü kimi təbliğ etmələrindən istifadə edən qərb dövlətləri onların bu zəmində toqquşmalarına nail oldular. 1514-cü ildə başlayan Osmanlı-Səfəvi müharibələri 7 mərhələdə baş verdi və 1639-cu ildə başa çatdı. Bu müharibələr Azərbaycanın tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərdi və ölkə ərazilərinin azalıb-çoxalmasına, sərhədlərinin dəyişilməsinə səbəb oldu.

1514-1555-ci illərdə fasilələrlə davam etmiş Səfəvi-Osmanlı müharibəsi Amasiya sülhü ilə başa çatdı. Qars bölgəsi iki dövlət arasında neytral zona elan olundu. Bu müharibə nəticəsində dövlətin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü və Təbriz şəhəri ölkənin siyasi mərkəzi statusundan mərhum edildi.

Səfəvi-Osmanlı müharibələrinin 1578-1590-cı illərdə baş vermiş ikinci mərhələsi Azərbaycanın taleyində daha ciddi rol oynadı və ölkə ərazisinin iki hissəyə parçalanmasına səbəb oldu. 1590-cı il martın 27-də imzalanmış İstanbul sülhünə görə bütün Azərbaycan (Qaradağ, Ərdəbil və Talış əyalətlərini çıxmaq şərtilə) Osmanlı imperiyasına birləşdirildi. İki dövlət arasında bölünən Azərbaycan ərazisində aşağıdakı sərhəd xətti müəyyənləşdirildi: cənub-qərbdə Marağa mahalının şərqindən şimala istiqamətlənən sərhəd xətti Xudafərin körpüsünə çatırdı və oradan düz şərqə tərəf uzanıb Dərbənd şəhərinin cənubundan keçərək Lənkəranın şimalında Xəzərə birləşirdi. Azərbaycanın Zəncan, Sultaniyyə, Kağızkonan, Miyanə, Xalxal, Sərab, Ərdəbil, Xiyav, Əhər, Astara, Lənkəran şəhərləri Səfəvilərin ixtiyarında qalmışdı. Səfəvilər dövlətinin tərkibində qalmış ərazilər vahid bəylərbəylikdə birləşdirildi.

1598-ci ildə ölkənin paytaxtı yenidən dəyişdirildi. Paytaxt Qəzvindən İsfahana köçürüldü. Nəticədə Azərbaycan ölkənin ətraf vilayətlərindən birinə çevrildi. Səfəvi-Osmanlı müharibələrinin 1603-1612-ci illərdə baş vermiş üçüncü mərhələsində Səfəvilər itirilmiş torpaqları geri qaytarmağa nail oldular. Bu işdə I Şah Abbasın (1587-1639-cu illər) xüsusi rolu olmuşdur. 1618-ci ildə imzalanmış Mərənd sazişinə görə, iki dövlət arasında sərhədlər 1555-ci ilin sərhədlərinə uyğunlaşdırıldı və qərbdə Maku, İrəvan və Tiflisin qərb istiqamətindən müəyyənləşdirildi.

1632-1639-cu illərdə davam etmiş Səfəvi-Osmanlı müharibəsi Qəsri-Şirin sülhü ilə başa çatdı və onun şərtlərinə görə iki dövlət arasındakı sərhəd 1612-ci il müqaviləsi əsasında təsdiq edildi. Bu vəziyyət təxminən bir əsrə qədər sabit qaldı.

Səfəvi-Osmanlı müharibələrinin son mərhələsində (1730-1736) Nadirqulu xan Əfşarın müvəffəqiyyətli hərbi hücumları nəticəsində 1736-cı ildə Ərzurum müqaviləsi imzalandı. Bu müqavilənin şərtlərinə görə, 1723-cü ildən başlayaraq Osmanlılar tərəfindən işğal olunmuş bütün ərazilərin geri qaytarılması prosesi razılaşdırıldı.

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Azərbaycan Səfəvilər dövləti tənəzzül dövrünü yaşayırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin –İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. 1723-cü il Sankt-Peterburq müqaviləsinə görə, Azərbaycanın Xəzər sahili vilayətləri Rusiyanın tərkibinə qatılmış, 1724-cü il İstanbul müqaviləsinə görə isə ölkənin digər əraziləri Osmanlı Türkiyəsi və Rusiya arasında bölüşdürülmüşdü. 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə görə, Rusiya bütün işğal etdiyi əraziləri Səfəvilər dövlətinə qaytardı. 1736-cı ildə Nadirqulu xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra Azərbaycanı ölkənin siyasi-iqtisadi və mədəniyyət mərkəzi statusundan məhrum edərək onu İranın sıravi əyalətlərindən birinə çevirdi ki, bu da ölkənin sonrakı siyasi taleyinə ağır zərbə vurdu. Bu dövrdə Azərbaycanın Borçalı mahalı Kaxetiya hakimi Teymuraza verildi. Nadir şahın ölümündən (1747-ci il) sonra İran və Azərbaycan əraziləri xanlıqlara parçalandı.

XVIII əsrin II yarısı Azərbaycanın siyasi-coğrafi tarixində xüsusi bir dövrdür. Bu dövrdə Azərbaycan bir tərəfdən öz dövlət müstəqilliyini bərpa edir, qonşu dövlətlərin, imperiyaların nüfuz dairələrindən çıxa bilir, digər tərəfdən onun ərazilərində çoxsaylı müstəqil feodal dövlətləri– xanlıqlar yaranırdı. Xanlıqlar dövründə Azərbaycan ərazisinin ümumi sahəsi, təxmini hesablamalara görə, 380.000 kv. km idi. Xanlıqlar dövrü kimi tanınan bu dövrdə, yəni 1748-ci ildən-1828-ci ilədək Azərbaycan ərazisində 20 xanlıq, 6 sultanlıq və 5 məliklik mövcud idi.

Bu xanlıqların hər birinin öz ərazisi-inzibati bölgü sistemi və sərhədləri mövcud idi. Bu mövcudluğa 1801-1828-ci illər ərzində Azərbaycan əraziləri Çar Rusiyası ilə İran arasında bölüşdürüldükdən sonra son qoyuldu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın orta əsrlərdəki vahid ərazisi iki yerə bölündü.

1 2 3 4 5